“26-ların yeni məzarlığı ləğv edilməlidir” – Millət vəkili

Azərbaycan tarixinin qara səhifələrindən birini təşkil edən 26 Bakı komissarının izinin birdəfəlik itirilməsi təklif olunur.

Yenicag.az xəbər verir ki, Azərbaycan xalqına qarı 1918-ci il Mart Soyqırımını həyata keçirmiş 26 Bakı komissarının mənəvi varisləri ideoloji babalarının xatirəsini canlandırmaq cəhdlərinə yönəlik etirazlar səngimir.

Azərbaycandakı bir qrup kommunistin xalqımızın cəlladı olan 26 Bakı komissarının bir neçə il əvvəl Suraxanıya köçürülmüş məzarlığını ziyarət etməsi ətrafında başlayan müzakirələr ara vermir.

Sosial şəbəkələrdə və mediada aparılan bu müzakirələrə qatılanların mütləq əksəriyyəti kommunistlərin bu addımını lənətləyərək, “tarixin çarxını geri döndərmək istəyənlərə” qarşı tədbir görülməsini tələb edirlər.

Bununla bağlı irəli sürülən təkliflərdə Kommunist partiyasının qanundankənar elan olunmasına və 26 Bakı komissarını xatırladacaq bütün izlərin silinməsinə çağırış edilir.

Mövzu ilə bağlı Yenicag.az-a danışan Milli Məclisin deputatı Çingiz Qənizadənin fikrincə, ölkədə kommunist ideologiyasının qadağan edilməsinə xüsusi ehtiyac yaranmasa da, həmin təkliflərin bir qismini dəyərləndirmək mümkündür:

“Hesab etmirəm ki, hazırda Kommunist ideologiyasını qadağan etmək üçün xüsusi vəziyyət yaranıb. Hələ ki buna ehtiyac yoxdur.

Ancaq əlbəttə ki, tariximizə, milli dövlət ideologiyamıza zidd olan bütün elementlər, rəmzlər yığışdırılmalıdır – bu, birmənalıdır.

Başa düşmək olmur, 26-ların cəsədlərinin qalıqları “Sahil” bağından çıxarılandan sonra onlara yeni məzarlıq salınması nəyə lazım idi? Fikirmcə, Azərbaycan xalqına qarşı soyqırım törətmiş 26-ların yeni məzarlığı ləğv edilməlidir”.

Bu barədə Yenicag.az-a açıqlama verən politoloq Əlabbas Məhərrəmov da hesab edir ki, 26-ların məzarlığının, ümumiyyətlə, sovet-bolşevik elementlərinin hələ də mövcud olması Azərbaycanın müstəqilliyinə təhqirdir:

“Bəzi keçmiş sovet respublikaları hələ SSRİ dağılmazdan əvvəl oradakı kommunist simvolikalarını sistemli şəkildə yox etdilər – yəni işğalı xatırladan bütün maddi nümunələri aradan qaldırdılar.

O sırada Leninin nəhəng heykəlləri, Sovet Ordusuna ucaldılmış abidələr, kommunist liderlərinin adları və sair vardı.

Çox təəssüf ki, Azərbaycan 26 ildir, öz müstəqilliyini bərpa etsə də, az qala hər addımda sovet simvollarına rast gəlirik.

Bakıda son günlərə qədər 26 Bakı komissarı adına küçənin olmasına hər hansı normal izahat vermək çətindir.

Ondan da betəri, 1918-ci ildə Bakıda hakimiyyəti ələ almış 26 Bakı komissarının – onların əksəriyyəti Şaumyan başda olmaqla, erməni idi – məzarlığıının hələ də saxlanılmasıdır.

Yaxşı, onların qalıqları “Sahil” bağından çıxarılandan sonra bir yerdə dəfn edilməli idi, bunu başa düşdük. Ancaq bundan sonra həmin yer-iz itirilməli idi ki, bu gün gözləri şimaldan çəkilməyən yerli kommunistlər oranı ziyarətgaha çevirməsinlər.

Azərbaycan müstəqil dövlətdir və ölkəmizi 97 il əvvəl işğal etmiş bir rejimin rəmzlərinin hələ də saxlanılması müstəqilliyimizə təhqirdir. Bununla bağlı təcili addımlar atılmalıdır. Əks halda, bu tendensiya genişlənə bilər”.

A.Zeynalov