27 mart Beynəlxalq Teatr günüdür

Bu gün dünyada Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Bu barədə ilk dəfə Helsinkidə, daha sonra 1961-ci ildə Vyanada, Beynəlxalq Teatr İnstitutunun (ITI) IX Ümumdünya Konqresində müzakirə aparılıb. O dövrdə görkəmli teatr xadimi, ITI-nin Finlandiya Mərkəzinin prezidenti Arvi Kivima başçılıq etdiyi qurum adından bu bayramı təsis etmək təklifini irəli sürüb. Təklif Skandinaviya ölkələri tərəfindən dəstəklənərək, konqresdə qəbul olunub.

O vaxtdan etibarən martın 27-də (həmin gün “Millətlər teatrı” Ümumdünya Teatr Festivalının Paris mövsümünün təntənəli açılışı olmuşdu) bütün dünyada Beynəlxalq Teatr Günü kimi qeyd edilir. Hazırda dünyanın təqribən 100 ölkəsində fəaliyyət göstərən ITI-nin milli mərkəzləri buna geniş dəstək göstərirlər.

Azərbaycanın milli teatr tarixi isə XIX əsrin ikinci yarısından başlayır. Dahi mütəfəkkir Mirzə Fətəli Axundov tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi ilə xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici dövrə start verildi. Belə ki, 1873-cü il martın 10-da Bakı Realnı Məktəbinin tələbələri M.F.Axundovun «Lənkəran xanının vəziri» pyesini səhnələşdirdilər.

Öz dövrünün böyük maarifçisi Həsən bəy Zərdabi ideyanın müəllifi, dramaturq Nəcəf bəy Vəzirov isə tamaşanın rejissoru idi. Tamaşa xeyriyyəçi Cahangir Zeynalova məxsus binada nümayiş etdirilirdi. Sonradan Cahangir Zeynalov həmin binanı aktyorlara bağışlayıb. Elə həmin səhnədə ilk Azərbaycan operası, Üzeyir Hacıbəyovun «Leyli və Məcnun»u səhnələşdirilib. Orkestrə yazıçı Əbdürrəhim bəy Haqverdiyev drijorluq etmişdi.

Qərb müəlliflərinin əsərlərinə isə 1904-cü ildən müraciət olunub. 1940-cı ilə qədər Azərbaycanda 40-a yaxın dövlət statuslu teatr yaradılıb.

Statistikaya görə, bu gün ölkəmizdə 27 dövlət teatrı fəaliyyət göstərir. Rəsmi məlumata görə, bu teatrlarda 1000 nəfərə yaxın aktyor çalışır.

COP29