!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

27 sentyabr – xalqımızı arzularına qovuşduran şərəf günü - Əflatun Amaşov yazır

!Reklam – Yazi

27 sentyabr şanlı tariximizin Vətən Müharibəsi adlı qürur və fəxarət dolu səhifəsinin yazılmağa başlandığı gündür.

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən, təsis edilən bu günü Anım Günü kimi qeyd edir, torpaqlarımızın azadlığı uğurda həlak olmuş, şəhidlik zirvəsinə ucalmış övladlarımızın xatirəsinə dərin ehtiramımızı bildirir, canlarından keçmiş igidlərimizin fədakarlıqlarını xatırlayır, onların müqəddəs ruhları qarşısında baş əyirik. Bizə başımızı dik tutmağı öyrədənlərin qarşısında baş əyməkdən böyük ehtiram nümunəsi yoxdur. Biz onlardan öyrənirik və öyrənəcəklərimizin, öyrənməli olduqlarımızın hələ çox hissəsi gələcəkdə özünə vətəndaşlıq hüququ qazanaraq tariximizin bir parçası olmaq üçün gözləməkdədir. Nəzərə alaq ki, 27 sentyabrla bağlı hələ çox dərin mətləblər açılmayıb.

27 sentyabr tarixi həm də nəsillərə miras qalacaq qəhrəmanlıq salnaməmizdəki misilsiz qədirbilənlik nümunəsidir. Bu nümunə milli dövlətçilik məfkurəsinin, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycançılıq fəlsəfəsinin təntənəsidir. Bu fəlsəfə güzəşt tanımır, torpaqdan pay verilməsinin mümkünsüzlüyünü vurğulayır. Ümummilli lider vaxtilə necə də gözəl demişdi: “Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik”.

27 sentyabr tarixi elə bir örnəkdir ki, onda Vətənimiz Azərbaycanı tam, bütöv görmək əzmi yaşayır. Bu örnək gələcək nəsillərə torpaq, yurd sevgisini aşılayan ideya qaynağımızdır. Bu qaynaqda xalqımızın qədim keçmişdən bəri qoruyub saxladığı, taleyin acı hökmü ilə əzilmiş, ancaq sınmamış ruhunun üsyanı var. Cəmi 44 günə özünün müqəddəs hədəflərinə çatan üsyanın…

Bəli, 27 sentyabr ruhumuzun, milli kimliyimizin otuz ilə yaxın müddətdə uğradığımız ədalətsizliklərə, üzləşdiyimiz haqsızlıqlara üsyan tarixidir. Bu tarix bizi torpağı əlindən alınmış toplum obrazından qurtardı. Biz torpağına, yurduna qəsb olunan əhalidən bütöv mübariz xalqa çevrilmək üçün 44 günlük mücadilə yoluna çıxdıq, qalibiyyətimizlə, zəfərimizlə ilk növbədə özümüzə inamımızı qaytardıq. Bir xalq üçün özünün olana sahiblənməkdən böyük qürur və fəxarət hissi yoxdur. Ümummilli Liderimiz Heydər Əliyevin də söylədiyi kimi: “Dünya bilməlidir, o cümlədən Ermənistan bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir qarışını da heç kəsə verməyəciyik”.

27 sentyabr dünyanın da Azərbaycan, Azərbaycan türkləri ilə bağlı bilməli, yadda saxlamalı olduğu tarixdir. Ulu öndərin siyasi kursunun laqiqli davamçısı Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi ilk gündən başlayaraq müxtəlif nüfuzlu toplantılardakı çıxışlarında beynəlxalq ictimaiyyətə, xaricdəki erməni havadarlarına şanlı tarixi anımızın yaşanacağının anonsunu vermiş, ərazi bütövlüyümüzün bərpasına yönələn bütün mümkün vasitələrdən yararlanacağımıza dair xəbərdarlıqlar etmişdi. Onun bu istiqamətdəki saysız-hesabsız fikirlərinin hər biri dəyərlidir. Ancaq düşünürəm ki, Ermənistan üçün 27 sentyabr fəlakətinə aparan yola məhz həmin gün çıxılmışdı – 2019-cu ilin oktyabrın 3-də. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik plenar sessiyasında olduqca qətiyyətli şəkildə bildirmişdi: “Qarabağ Azərbaycandır və nida işarəsi”.

Dövlət başçımız müharibənin başlanmasına bir neçə gün qalmış da xəbərdarlıq etmiş, işğalçı ölkəni qəflət yuxusundan ayılmağa səsləmişdi: “Ermənistanın indiki rəhbərliyi məsuliyyətsizdir, addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir”.

27 sentyabr Azərbaycan Prezidentinin təkcə Ermənistana deyil, bütövlükdə dünya erməniliyinə vurduğu son dərəcə ağır siyasi və hərbi zərbənin başlanğıc günüydü. Cənab İlham Əliyev müharibə müddətində şəxsi keyfiyyətlərindəki qətiyyətin, dönməzliyin diplomatik bacarıq və səriştəsi ilə vəhdətini nümayiş etdirərək bildirmişdi: “Biz “bunu dayandırın, biz işləyəcəyik, danışıqlar aparacağıq, yardım edəcəyik” kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə eşitmişik. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır”.

Bu məqamda 44 günlük Vətən Müharibəsi günlərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın özündə böyük mənəvi təsir gücünü daşıyan bir fikrini xatırlamaq istərdim: “Qoy uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin”. Bəli, uca Tanrı bizə müqəddəs Qarabağ torpağını öpməyi nəsib etdi, bizi arzularımıza qovuşdurdu. Demək, 27 sentyabr həm də arzularımızın çin olduğu gündür.

Allah Vətənimizlə, xalqımızın xoşbəxt gələcəyi ilə bağlı bütün arzu və istəklərimizi, diləklərimizi çin eləsin.

Allah şəhidlərimizə rəhmət eləsin!

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv