280-dən çox şagirdin yerdəyişməsindən imtina edildi – SƏBƏB

Təhsil Nazirliyinin yaratdığı şagirdlərin elektron yerdəyişməsi sistemi tərəfindən 282 şagirdin yerdəyişməsinə imtina cavabı verilib.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, avqustun 15-dən başlayan şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Bu günədək elektron yerdəyişmə ilə bağlı ümumilikdə 19 234 müraciət daxil olub. Onlardan 13 760 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib, 5192 sorğu baxılma mərhələsindədir, 282 sorğuya isə dil və təmayül uyğunsuzluğu səbəbindən imtina verilib.

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı vətəndaşlara kömək məqsədilə Bakı və regionlarda Alternativ Qeydiyyat mərkəzləri də fəaliyyət göstərir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında təhsil alan şagirdlərin digər rayon (şəhər) ümumtəhsil məktəblərinə yerdəyişməsi üçün valideyn əvvəlcə yerdəyişmə icra etmək istədiyi məktəbə yaxınlaşmalı, övladının Ümumi təhsil informasiya sisteminə (ÜTİS) daxil edilməsi ilə bağlı müraciət etməlidir. Məktəb tərəfindən həmin şagird sistemə daxil edildikdən sonra valideynə övladının ÜTİS kodu təqdim olunur. Daha sonra valideyn şagirdlərin elektron yerdəyişməsi sistemində (www.sy.edu.az) qeydiyyatdan keçərək müraciət etmək istədiyi məktəbə sorğu yerləşdirir. Bunun üçün valideyn sistemdə şəxsiyyət vəsiqəsinin FİN kodunu (xarici ölkənin vətəndaşları miqrasiya sənədinin seriya nömrəsini) daxil edir, daha sonra əldə olunmuş məlumatları təsdiqləyir və istifadə etdiyi mobil nömrəni qeyd edir. Mobil nömrəyə gələn SMS-də göstərilmiş təsdiq kodu müvafiq açılan pəncərədə daxil edilir və qeydiyyat tamamlanır.

Növbəti mərhələdə valideyn ÜTİS kodu əsasında övladını elektron sistemdə qeydiyyatdan keçirir, yerdəyişmə etmək istədiyi məktəbi seçir. Sistem həmin məktəbdə boş siniflərin olub-olmadığını göstərir. Valideyn boş yeri olan (qara rənglə qeyd olunmuş) sinfi seçməklə, məktəbə müraciətini tamamlayır.

Sorğuya sistem tərəfindən ən geci 5 iş günü ərzində təsdiq gələndən sonra valideyn övladının şəxsi işini əvvəl təhsil aldığı məktəbdən götürərək müraciət etdiyi məktəbə təqdim edir.

Bundan əlavə, valideyn şagirdlərin elektron yerdəyişməsi ilə bağlı vətəndaşlara kömək məqsədilə Bakı şəhəri 258 və 42 nömrəli tam orta məktəblərdə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərinə yaxınlaşa və övladının qeydiyyat prosesini həyata keçirə bilər. Eyni zamanda Alternativ Qeydiyyat Mərkəzindən şagirdin ÜTİS kodunu əldə etdikdən sonra valideyn www.sy.edu.az sisteminə daxil olmaqla yuxarıda qeyd olunan ardıcıllıqla sorğu yerləşdirə bilər.

Digər rayon (şəhər) ümumtəhsil məktəbləri şagirdlərinin Naxçıvan Muxtar Respublikasındakı məktəblərə yerdəyişmə prosesi əvvəlki illərdə olduğu kimi, “Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında qaydalar”a əsasən həyata keçirilir. Ətraflı olaraq bu linkdən https://edu.gov.az/az/page/394/5172 məlumat əldə etmək mümkündür.

Xaricdə təhsil alan azərbaycanlı şagirdlərin respublikanın rayon (şəhər) məktəblərinə yerdəyişmə prosesi də Naxçıvan Muxtar Respublikasında təhsil alan şagirdlərin digər rayon (şəhər) ümumtəhsil məktəblərinə yerdəyişməsi qaydalarına əsasən, həmçinin yuxarıda adıçəkilən Alternativ Qeydiyyat mərkəzlərində həyata keçirilir.

Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım məqsədi daşıyır.

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.