3 boksçumuz Avropa birinciliyində yarımfinala yüksəldi

Azərbaycanın üç boksçusu İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qızlar arasında keçirilən Avropa birinciliyində yarımfinala yüksəlib.

Federasiyadan Yenicag.az-a verilən məlumata görə, 1/4 final mərhələsinin ilk günündə yığmanın üç üzvü çıxışını qələbə ilə başa vurub.

48 kq çəki dərəcəsində mübarizə aparan Nərmin Əlizadə Mahur Marikyanla (Ermənistan) döyüşüb. Boksçu hər 3 raundda rəqibindən üstün olub. O, yekunda 5:0 (30:26, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gələrək Marikyanı mübarizədən kənarlaşdırıb. Əlizadə yarımfinalda Silva Formela (Polşa) ilə üz-üzə gələcək.

50 kq-dakı Aynur Mikayılova Byanka Balintin (Almaniya) ardınca Lamprini Giannakopoulounu (Yunanıstan) da məğlub edib. İdmançı qarşılaşmanı 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə aktivinə yazıb. Onun növbəti rəqibi Katerin Pumfri (İngiltərə) olacaq.

70 kq-dakı Emili Rzayeva isə rəqibi Olqa Filipçukun (Ukrayna) döyüşə gəlməməsi səbəbindən yarımfinala vəsiqə qazanıb. Boksçu növbəti qarşılaşmasında Gül Yılmaz (Türkiyə) ilə gücünü yoxlayacaq.

Yarımfinala yüksələn hər 3 idmançı özü üçün ən azı bürünc medalı da təmin edib. Onlar bu raundun görüşlərinə oktyabrın 2-də çıxacaqlar.

Milli üzvlərindən Qızbəs İsgəndər (54 kq) Ella-Mae Lonsdale (İngiltərə) ilə, Aysu İsmayılova (46 kq) isə Mariya Trifilli (Yunanıstan) ilə döyüşüb. Hər iki görüşdə rəqib mərhələ adlayıb.

Qeyd edək ki, Avropa çempionatının 1/4 final mərhələsində Azərbaycan yığmasının daha 4 boksçusu mübarizə aparacaq.