3 dövlət qurumu bir xəstəyə ÇARƏ TAPA BİLMİR: “Xərclənən pullar heç də yaxşı yerlərə xərclənməyib”

“Mən hemofiliyadan əziyyət çəkirəm. Hətta mənim ailə üzvlərimdən belə bu xəstəlikdən həyatını itirən şəxslər olub. Mənim qanımın kodu var və orada faktor 9 çatmadığı üçün bu xəstəlikdən əziyyət çəkirəm. Doğuşdan sonra bunun diaqnozu olur ki, insan qanında faktor 9 göstəricisi nə qədərdir və ona görə də xəstə müalicə və müayinə olunur”.

Bunu Yenicag.az-la söhbətində Qan Donorları Assosiasiyasının sədri Fuad Əskərov deyib.

Hemofiliyadan əziyyət çəkən həmsöhbətimiz hazırda səhv analizin nəticəsində səhhətində yaranan problemləri dilə gətirərək, TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sözügedən məsələdə ona qarşı laqeydlik göstərdiyini bildirib.

Onun sözlərinə görə, TƏBİB 2000-ci ildən etibarən, bütün laboratoriya cavablarını inkar edib özü müayinələr keçirdi ki, hemofiliyalılara yeni diaqnoz qoysunlar:

“Belə olan halda, məndə 6.6 diaqnozu qoyuldu. Hansı ki köhnə dövrlərdə mənə 1.6-1.7 diaqnozu qoyulmuşdu. Bu isə dəyişmir, çünki genetik koddur. Mən də yeni analizlər nəticəsində dərman preparatları ilə təmin olundum və nəticədə dərmanlarım kəsildi. Çünki məndəki xəstəliyi yüngül hemofiliya hesab etdilər. Nəticədə, məhdudiyyətlərim çoxaldı, orqanlarımın bir çoxu hərəkət fəaliyyətini itirdi. Hansı ki, çox aktiv biri olmuşam, vaxtilə Himalay və Norveç dağlarına çıxmışam. Yəni düzgün dərman preparatları ilə təmin olunduğum halda sağlam insanlardan heç də fərqli olmamışam.

Amma son illərdə dirsəklərim və çiyinlərimin fəaliyyəti məhdudlaşıb və bu, artıq sağalmayacaq. Ona görə ki, əlilliyin dərəcəsi məndə artıb. 2024-cü ildə öz istəyimlə Moskvaya getdim, çünki bildirirdim ki, dərmanlarımın sayı azdır və mənə vurulan doza qanaxmaları kəsmir. Moskvada mənə diaqnoz qoydular ki, Azərbaycandakı diaqnoz səhv olub. 1.9 diaqnozu mənə qoyuldu ki, bu da xəstəliyimin necə ağır olduğunu göstərir”.

F. Əskərov söyləyib ki, Azərbaycana yaxınlaşandan sonra yenidən yanvar ayında analiz verib:

“Analizimin nəticəsi göstərdi ki, məndə 12%-dir. Yəni mən artıq sağalmışam. Lakin hemofiliya kimi genetik xəstəliklər sağalmır, eləcə də 12% çox gülməlidir, çünki mən ağır formalı hemofiliyadan əziyyət çəkirəm, 12% isə uşaqlarda belə tapılmayan dozadır. Yenidən TƏBİB-in xətti ilə Respublika Klinik Xəstəxanasında analiz verdim və cavab çıxdı ki, məndə 0.3%-dir. Bu, o deməkdir ki, artıq ölüm həddindəyəm. Yəni 1 ayın içərisində 2-3 fərqli cavab gəldi. Bir də 6.6% diaqnozu qoyuldu”.

Həmsöhbətimiz bildirib ki, hazırda ona 3 analiz qoyulub və həkimlər də məəttəl qalıb ki, hansı diaqnozla müalicəni davam etsinlər:

“Çünki istənilən həkim laboratoriyadan gələn cavaba əsaslanaraq, müalicə aparır. Yoxsa ki, həkim müayinəsi ilə qanın tərkibi təyin oluna bilməz. Mən isə acınacaqlı bir haldayam və dərmanları qəbul edirəm. 3 analizin hansına görə dərmanları qəbul etdiyim də bəlli deyil. Həmçinin digər orqanlarım da məhv olur. Hər 3 quruma – TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə bununla bağlı müraciətlər etməyimə baxmayaraq, nəticəsi yoxdur. Hətta o həddə çatdım ki, ölkə rəhbərliyinə yazdım ki, mənə köməklik edin”.

Assosiasiya rəhbəri onu da dilə gətirib ki, rəsmi qurumlar onun problemini üzərindən atır:

Səhiyyə Nazirliyi TƏBİB-ə, TƏBİB İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, onlar da yenidən TƏBİB-ə yönləndirirlər. Nəticədə isə mən istənilən vaxt həyatımı itirə bilərəm. Deməli, laboratoriyada bu problem varsa, onda təkcə Fuad Əskərov üçün bu problem yoxdur. Bu, elə mənim kimi digər vətəndaşlar üçün də böyük problemdir. Bu, elə qlobal mövzudur ki, yalnız mənə verilən 3 cavab səhv ola bilməz. Çünki Azərbaycanda 1.750 nəfərdən çox hemofiliyalı yaşayır. Deməli, onların da həyatları təhlükədədir. Həm də bu qan analizi hər yerdə verilmir. Bunun üçün xüsusi laboratoriya olmalıdır. İrsi qan xəstəlikləri isə 2006-cı ildən dövlət proqramındadır və bu iş üçün milyonlarla pul xərclənilir. Nəticə isə göz qabağındadır ki, pullar heç də yaxşı yerlərə xərclənməyib.

Son 3 ildə mənə mənşəyi bəlli olmayan dərmanlar vurulub. Hazırda qaraciyər sirrozu olmaq təhlükəsi ilə üz-üzəyəm. Çünki qana dərman düzgün vurulmayanda xəstə inhibitor da ola bilər. Artıq məlum olub ki, illərdir dövlət proqramından xərclənən maliyyələr haraya xərclənib ki, biz bu kimi acınacaqlı hala düşdük?”

Rafi Müslümov