Ağstafa rayonu, Köhnəqışlaq kəndi ərazisində 3 ədəd top mərmisi tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Yenicag.az-a bildirilib ki, 16 Sentyabr tarixində saat 15:02-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Ağstafa rayonu, Köhnəqışlaq kəndi ərazisində 3 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 3 ədəd top mərmisi (2 ədəd 100 mm-lik OF-412 və 1 ədəd 85 mm-lik BK-367M) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmilərinin ətrafında 150 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.