3 piyada yol qəzasının qurbanı oldu

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, martın 27-də saat 22 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Göyçay rayon sakini Kamran Baxışov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Piyadanın vurulması ilə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb. “KamAZ” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəmilə Salahova vurulub və nəticədə piyada hadisə yerində ölüb. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayev saxlanılıb.

Bundan başqa martın 28-də saat 1 radələrində Sumqayıt şəhərinin S.Vurğun küçəsində şəhər sakini Mahir Musayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Zaur Nağıyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.