3 vəkilə irad, 1-nə töhmət – Vəkillər Kollegiyasında

Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

VK-dan Yenicag.az-a verilən məlumata görə, iclasda son dövrlər Vəkillər Kollegiyası tərəfindən vəkilliyə qəbul üzrə görülən işlərin vəziyyəti barədə məlumat verilib, xüsusilə yeni qəbul olunmuş üzvlərin vəkil qurumlarına göndərilməsi, onların qurumların işinə yaxından cəlb edilməsi məsələləri müzakirə olunub.

Eyni zamanda iclasa sədrlik edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22.02.2018-ci il tarixli sərəncamından irəli gələn tövsiyələrin icrasının vəziyyəti barədə çıxış edib və bildirib ki, hazırda sərəncama əsasən, regional vəkil qurumları üçün yerlərin ayrılması üzrə aidiyyəti dövlət qurumları ilə işlər aparılmaqdadır və yaxın dövrdə həmin qurumlar vətəndaşlara xidmət göstərilməsi üçün fəaliyyət göstərməyə başlayacaq.

İclasda həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Haqları İnstitutunun doktorantı Fərdin Əliyevin “Cinayət mühakimə icraatında vəkil araşdırması” monoqrafiyası müzakirə olunub və monoqrafiyanın praktiki əhəmiyyəti nəzərə alınaraq Rəyasət Heyətinin qərarına əsasən, vəsait vəkillərin istifadəsi üçün tövsiyə olunub.

Daha sonra başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərmək və vəkilliyə qəbul üzrə müraciətlərə baxılıb, bir sıra vəkillərin mükafatlandırılması haqqında qərarlar qəbul olunub.

İclasda vəkillər barəsində başlanılmış 20 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə 1 vəkilə töhmət verilib, 1 vəkilin Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərər qəbul olunub, 3 vəkilə irad tutulub.

COP29