30 ildə 3 min də qazanmayanlar… – Şairlərdən Vergilər Nazirliyinə ETİRAZ

“Şair dediyi şeirdən pul qazanırsa, vergi ödəməlidir”.

Bunu Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədovun Teleqraf.com-a verdiyi açıqlamada deyib. Onun sözlərinə görə, vergi ödəmək hər kəs üçün vacibdir:

“Müğənnilər oxuduqları mahnıdan pul qazandıqları üçün vergi ödəyirlər. Şairlər də həmçinin… Bu qayda hər kəs üçün keçərlidir”.

Qeyd edək ki, Nazirlik rəsmisinin bu sözləri şairlər arasında heç də birmənalı qarşılanmayıb, böyük narazılıq yaradıb.

Məsələ ilə bağlı Yenicag.az-ın sualına cavab verən Azərbaycan musiqi sənətində hit mahnıların söz yazarı Xanım İsmayılqızının fikrincə, əvvəlcə şairin sosial şəraitini yaxşılaşdırmaq, sonra ondan vergi tələb etmək lazımdır:

“Vergi ödəmək bütün dünyada qanuni prosesdir. Təbii ki, qazanan vergi ödəməlidir. Amma qazanan… Şairin necə yaşaması, nədənsə, heç kimi maraqlandırmır. Şair bizim cəmiyyətin, ölkənin ən kasıb təbəqəsinə aiddir. Bundan xəbərləri olmayanlar maraqlansınlar, öyrənsinlər və bilsinlər. Şeir yazmaqla, şeir oxumaqla və ya nəşr etdirməklə dolanmaq məcburiyyətində qalsa, şair acından ölər. Hərəsi özünə aid olan və ya aid olmayan bir işə düzəlib, cüzi maaşa qane olub, birtəhər başını qatıb, ailəsini dolandıra bilir və ya heç dolandıra da bilmir. Aldığı maaşdan vergi tutulur onsuz da. Şair kitabını öz hesabına və ya kiminsə dəstəyi ilə çap etdirib, satışından da qazanc əldə edə bilmirsə, hansı vergidən danışılır. Şairin şeirləri mənəvi sarsıntıdan, mənəvi ehtiyacdan doğur. Əvvəlcə şairlərin kitablarının çapı, satışı, qonorar alması üçün bir qurum, bir sistem yaratsınlar, yaşayışını, ev şəraitini, dolanmaq üçün vəziyyətini yaxşılaşdırsınlar, sonra da gəlib vergilərini alsınlar. Şair öz ürəyini, hisslərini, ruhunu, düşüncəsini, ağlını, həyat fəlsəfəsini öz millətinə, xalqına təmənnasız, loru dildə desəm “havayı” hədiyyə edən adamdı. Şairə nə verilib ki, nə də alınsın… Əvvəlcə nəsə verin ki, sonra da nəsə ala biləsiz… Boş əldən pul çıxmaz…”

Şairə Kəmalə Abıyeva da xəbərdən çox kədərləndiyini bildirib:

“Təbii ki, istənilən sahədə, işdə, yəni usta, sürücü, həkim, rəis, mağaza müdiri və s. kimi uğur qazanmaq üçün bacarığın olmalıdır. Amma burda zənnimcə məsələni, ya da mahiyyəti bizneslə qarışdırıblar. Şairlik istedaddır. Ondan necə vergi tutacaqlar? Belə çıxır ki, düşüncəyə görə vergi veririk. Bəlkə kitab satışını nəzərdə tuturlar, bilmirəm. Amma kitabı müəlliflər öz xərcləri ilə çap etdirir. Bu işi nəşriyyat görürsə, vergi də ödəyir. Yox əgər mahnı mətnlərini nəzərdə tuturlarsa, “Müəllif hüquqları” adlı qurum var, buyursun TV-lərdən pul alsın. Onda şairin də, bəstəkarın da pulu verilər versin, biz də vergi ödəyərik. Ümumiyyətlə, bu fikri nə düşünərək deyiblər, anlamıram. Absurddur və ayıbdır. Bildiyiniz kimi mən həm də müəlliməyəm. Onsuz da dərsim azdır, maaşdan isə danışmağa dəyməz. O maaşdan da vergi tutulur. Heç onun da niyəsini anlamıram. Nə qazancım var orda? Maddi təminat yox, mənəvi təminat yox. Sahibkaram ki, vergi verim?

Açığı, çox pisəm. Şeirlərim mənim mənəvi qidamdır. Axı mən onlardan pul qazanmıram. İndi gəl Vergilər Nazirliyini inandır ki, mən müğənnilərlə heç bir pul söhbəti eləmirəm. Belə bir söhbət heç olmayıb da… Müəllim kimi birtəhər başımı hərləyirdim. İndi bir də ayılacam ki, Vergilər Nazirliyinə xeyli borcum var… Adam deməyə söz tapmır”.

Şairə Zemfira Əlişqızı isə əsəbindən halının pisləşdiyini dedi:

“Hirsimdən nə edəcəyimi bilmirəm. Vergilər Nazirliyindən bir soruşan lazımdı ki, şairə pul verən var ki, sən ondan vergi tələb edirsən? Cibimizin pulu ilə kitab çap edirik, satmağa yer tapmırıq. Yer də tapanda alan olmur. Millət kitab oxuyur ki? Kitaba verdiyi pula balalarına ət alar da… Şairi ömrü boyu xalq dolandırıb.

Varımız, yoxumuz sözdü. Sözü də sata bilmirik. Pul verən yoxdur. Sözünə mahnı bəstələnəndə ümid edirsən ki, indi nəsə qazanarsan. Onda da bəstəkar deyir ki, mən bunu müğənniyə hədiyyə edirəm. Bu 30 ildə şeirlərimə yazılan mahnılardan üst-üstə heç 3000 min də qazanmadım.

Bir müğənni var, aparıb mahnımı Türkiyədə satdı, mənə qəpik də vermədi. Dedi, hədiyyə etmişəm. Bilmirsən, dərdini kimə deyəsən? İndi gəl Nazirliyi inandır ki, heç nə qazanmırsan”.

 

Zakirə Zakirqızı

COP29