“Əvvəl tərəddüd edirdik ki, hazırlıqlı ordumuz yoxdur, ancaq indi ordumuzun gücü heç kimdə şübhə doğurmur”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada erməni iş adamları ilə görüşdə Dağlıq Qarabağın ilhaqının zəruriliyi haqda fikirlərinə münasibət bildirən Milli Məclisin deputatı Araz Əlizadə deyib.
Araz Əlizadə hesab edir ki, Ermənistan hakimiyyətinin bu mövqeyi fonunda Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hərbi gücə əl atması qaçılmazdır:
“Hakimiyyətə populist şüarlarla gələn Paşinyanın belə fikirlər səsləndirməsi təəccüblü deyil. Çünki erməni cəmiyyəti o qədər xəstə vəziyyətə düşüb ki, Qarabağ haqqında konstruktiv söz deyən siyasətçini parça-parça edər.
Yadımıza salaq, iyirmi il əvvəl Heydər Əliyev danışıqlar nəticəsində Levon Ter-Petrosyanı başa saldı ki, işğalçılıq siyasətinin sonu yoxdur. Bunun nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasının vacibliyini deyən Ter-Petrosyanı hakimiyyətdən devirdilər.
İndi isə Paşinyan İrəvanda da, Moskvada da erməni cəmiyyətinin ovqatına uyğun bəyanatlar verir.
Burada əsas məsələ onların nə söyləmələri yox, bizim nə etməli olduğumuzdur. Görürük ki, ermənilər sülh yolu ilə torpaqlarımızı boşaltmayacaqlar. Bu halda hansı variant qalır? Hərb variantı. Bəli, Azərbaycan öz ərazilərini hərbi yolla azad etməlidir.
Mən 30 ildir deyirəm ki, Ermənistana müharibə elan olunmalıdır. Ancaq təəssüf ki, elə özüm deyib, özüm eşidirəm. Əvvəl tərəddüd edirdik ki, hazırlıqlı ordumuz yoxdur, ancaq indi ordumuzun gücü heç kimdə şübhə doğurmur. Ona görə də, Azərbaycan daha vaxt itirmədən hərəkətə keçməlidir”.
A.Zeynalov