“30 ildir harada idin, ay bala?” – Oğlunun nəşinə qovuşan ŞƏHİD ATASI – VİDEO

Atam, bacılarım, qardaşım, doğmalarım, yaxın gəlin, yaxın gəlin, mən gəlirəm. 30 illik həsrət bitdi, gözünüzün yaşını silməyə, ürəyinizdəki ayrılıq atəşini söndürməyə, illərdir qəlbinizdə qubar bağlayan nisgilinizə son qoymağa gəlmişəm…

Əlini öpməyə, çiynimi çiyninə dayamağa gəldim ata, həsrətimlə ağaran saçlarınızı sığallamağa tələsdim, gözəl bacılarım, sənə arxa-dayaq olmağa səbrsizləndim, əziz qardaşım…

Bu sözlərlə illərin həsrətinə son qoyacaqdı. Doğmalarını ovudacaqdı Sirac. Ciyərparələrini bağrına basıb, təşnə ürəklərinə su səpəcəkdi, bir ömür onları yalqız buraxmayacaqdı… Yarıda qırılan ömrün akkordlarını davam etdirəcəkdi.

Xəyalını qurduğu qızı anasına gəlin edib, həyətlərində toy çaldıracaqdı. O toyda əzizlər, qohumlar, qonşular, dostlar qol qaldırıb “Heyvagülü” havasına oynayacaqdı.

Amma doğmalarının yanına bir başqa cür qayıtdı Sirac. Bu vüsal o vüsaldan deyildi. Bu vüsal yaman yandırıb-yaxdı doğmalarını.

Beyləqan rayonu Peyğəmbərlik qəbristanlığında aşkarlanan məzarlıqdan qalıqları tapılan Füzuli rayon Babı kənd sakini 1973-cü il təvəllüdlü şəhid Nərimanov Sirac Feyruz oğlu mayın 14-də doğulduğu, boya-başa çatdığı doğma kəndində torpağa tapşırıldı. Qəhrəman şəhid son mənzilə atəşfəşanlıqla yola salındı.

İllərin həsrəti bitdi. Bu gün sənin doğmalarınla əbədi görüş yerin var, Sirac. Rahat uyu, Vətən sevdalısı. Şəhadət şərbətini öz arzunla içib, Tanrı qatında ən yüksək məqama ucaldın. Allahın sənə bəxş etdiyi şirin payı – ömür payını sevə-sevə Vətən yolunda qurban verdin. Bu gün sənin ruhun şaddır, şəhid Sirac. Çünki müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu ilə düşmənin başı əzildi. Düşmən tapdağında inləyən Vətən torpaqları işğaldan azad edildi.

Bu gün sənin və sənin kimi minlərlə şəhid qəhrəmanın qanı ilə suvarılan yurd yerlərimizdə Vətən sevgisi göyərir. Elinin-obanın qəhrəman oğlu. Sən bir evdən yox, həm də bir eldən getmisən.

Hər zaman da yaddaşlarda əbədi qəhrəman, şəhid Sirac kimi yaşayacaqsan. Cənnətdəki məkanın mübarək olsun, elinin-obanın, can Azərbaycanın başını uca edən cəsur qəhrəman!

Videonu təqdim edirik:

Məsimə
Cəvahir

COP29