Azərbaycanda son on ildə 1 milyon 360 min, yalnız bu ilin ilk rübündə 30 minə yaxın yeni iş yerinin açılması əmək bazarında sabitliyə səbəb olub. Eyni zamanda son on ildə ölkədə minimum əmək haqqı 11,6 dəfə, bir nəfərə düşən orta aylıq əmək haqqı 5,5 dəfə artıb. Bu dövrdə orta aylıq əmək pensiyası 9,4 dəfə artmaqla, yoxsulluq həddini 1,7 dəfə üstələyib. Müsbət proseslərin nəticəsi kimi, respublikada yoxsulluğun 5 faizə, yəni ümumdünya yoxsulluq səviyyəsindən 3 dəfə aşağı düşüb.
Dünya Bankının Azərbaycanda iş yerləri ilə bağlı hazırladığı hesabatda da bildirildiyi kimi, 2007-2012-ci illərdə Azərbaycanda yoxsulluq 15,8 faizdən 6 faizə, bu il isə 5 faizə enib, eyni vaxtda işsizlik də azalıb, 2012-ci ilə 5,2 faizə düşüb, indi 4,9 faiz təşkil edir.
Ekspertlər Azərbaycanda bu sahədə görülən işləri təqdir etsələr də, gələcəkdə yoxsulluğun və işsizliyin azalması kimi müsbət təmayüllərin yerində saymaq riski olacağını düşünürlər. Risklərin əksəriyyəti iqtisadiyyatın daxili quruluşu ilə bağlıdır. Eyni vaxtda demoqrafik problem var. Əmək bazarına daxil olan gənclərin sayı sürətlə artır. Hazırda neft gəlirlərinin azalması da riskləri gücləndirir.
Onların sözlərinə görə, hökumətlər islahatlar sayəsində özəl sektorda məşğulluğu, işgüzarlığı, rəqabəti artırmalıdır. İndi iş yeri yaratmaq heç də asan deyil, iqtisadiyyatın sektoral tərkibi iş yeri yaratmağa əngəl yarada bilər. Ona görə də Azərbaycanda özəl sektorda iş yerlərinin sayını artıran institusional islahatlar lazımdır. Rəqabət mühitinin yaradılması daha vacibdir.
Azərbaycan Rəqabətlilik İndeksində 2011-ci ildəki 72-ci yerdən 2014-2015-ci ildə 38-ci yerə qalxıb. Azərbaycanda məşğulluq kənd təsərrüfatı sahəsindən asılıdır. Məhsuldarlığı aşağı, artımı az olan kənd təsərrüfatı Azərbaycanda ən çox iş verən sahədir, burda bütün işləyənlərin 37 faizi çalışır.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik toplantısında bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75%-dən çoxunu təşkil edir. Əgər 2001-ci ildə əhalinin hər iki nəfərindən biri yoxsulluq içində yaşayırdısa, ötən müddət ərzində yoxsulluq meyarının 5 dəfədən çox artmağına baxmayaraq, hazırda hər 20 vətəndaşdan biri yoxsul hesab olunur: “Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Hesabatlarda ölkəmizin reytinqi davamlı olaraq yaxşılaşır.”
Müqayisə üçün xatırladaq ki, Avropa məkanılnda işsizliyin səviyyəsi 11,5 faiz, Avropa İttifaqında 10 faiz olduğu halda, Azərbaycanda bu göstərici 4,9 faizə enib. Respublikada yoxsulluq 5 faiz, yəni Dünya yoxsulluq səviyyəsindən 3 dəfə aşağı düşüb.
İqtisadçılar əmək bazarının qarşısında duran çətinliklərdən də danışıblar: “Azərbaycanda əhali sayında gənclərin payının əhəmiyyətli olması və artması da əmək bazarının qarşısında duran çətinliklərdəndir. Yaxın 30 ildə Azərbaycanın əmək bazarının bu problemlə üzləşmək ehtimalı var. Ötən ildə Azərbaycanda yaşı 25-dən az olanlar əhalinin 40 faizini təşkil edirdi, yaşı 35-dən olnalar isə əhalinin 60 faizidir. Hazırda əhalinin 70 faizi əmək qabiliyyəti yaşında olanlardır. Bu yüksək 70 faiz səviyyəsi Azərbaycanda 2025-ci ilə kimi qalacaq.
Azərbaycanda özəl sektorda bütün işləyən əhalinin 5 faizi çalışır. Bu da Avropa və Mərkəzi Asiya regionunda orta göstəricidən o qədər də aşağı deyil. Həmin regionda orta göstərici 6 faizdir.
Ümumiyyətlə, kasıblığın azaldılmasında və rihafın bölüşdürülməsində son illər Azərbaycanın uğurları daha yaxşı və daha çox sosial ayırmaların, pensiyaların, maaşların artırılması hesabına olub. İndi ölkənin daha da irəliyə getməsi üçün insanlara geniş imkanıarın yaradılmasına və sakinləri işləməyə həvəsləndirməyə ciddi fikir verməlidir və bu istiqamətdə səyləri artırmalıdır.
Bir sözlə, ölkədə milli əmək və sosial müdafiə sisteminin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsi, əmək bazarının sabit qalması, əmək münasibətlərinə nəzarət və sosial təminat sistemlərinin elektron əsaslar üzərində qurulması istiqamətində islahatlar aparılır.
Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin birinci rübündə 6268 nəfər münasib işlərlə təmin olunub. Onlardan sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən, bu səbəbdən kvota üzrə məşğulluğu təmin olunanlar 222 nəfər olub. Həmin şəxslərin 72 nəfərini əlillər, 51 nəfərini qaçqın və məcburi köçkünlər, 49 nəfərini yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, 20 nəfərini 20 yaşadək gənclər, 9 nəfərini şəhid ailəsi üzvləri və digər müvafiq şəxslər təşkil edib.
Üç ayda haqqı ödənilən ictimai işlərə cəlb olunanların sayı 109 nəfər, DMX-nin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Naxçıvan şəhərlərindəki Əmək birjaları tərəfindən müvəqqəti xarakterli işlərə göndərilənlərin sayı isə 893 nəfər təşkil edib.
anspress.com