!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

300 nəfərlik futbol...

!Reklam – Yazi

12 stadion – bunlardan 11-i təbii ot örtüklü… Təəssüf ki, Qəbələni yalnız peykdən çəkilmiş şəkilinə baxdıqdan sonra futbol şəhəri adlandırmaq olar. Çünki dəfələrlə gördüyümüz, şahidi olduğumuz mənzərə əksini demir.

Təsəvvür edin ki, qızıl medallar uğrunda oynayan komandanın 2017-ci ildə son matçıdır və 90 dəqiqənin tamamında çempionatda 2 aylıq fasilə yaranacaq. Amma baxırsan ki, bu yerli azarkeşlərin heç vecinə də deyil. “Qəbələ” – “Keşlə” matçını izləməyə cəmi 300 azarkeş gəlmişdi. Onların 30 faizini də klubun fan-klubları təşkil edirdi. Qalanları ya hava almağa çıxıb, ya da tum çırtlamağa. Bəziləri də arabir oyunun baş hakimi İnqilab Məmmədova söz atmağı özünə peşə bilirdi.

“Keşlə”ni isə batan gəmini sonda tərk edən kapitan kimi cəmi bir azarkeş dəstəkləyirdi. O da, tək əldən səs çıxmayacağını başa düşüb, klubun bayrağını sağa-sola yelləməklə fanatlığını nümayiş etdirirdi.

Hakimin start fiti ilə matç başladı. “Qəbələ” qol vurmağa, qonaqlar isə müdafiə olunmağa çalışırdılar. Lakin Ramiz Məmmədovun komandasının müqaviməti cəmi 24 dəqiqə çəkdi. Son vaxtlar qol vurmağa adət edən Baqali Dabo, bu matçı da boşa vermədi. 24-cü dəqiqədə fərqlənən hücumçu fasilənin hesabını təyin etdi – 1:0.

Fasilədən sonra isə Roman Qriqorçuk Famussa Konenini Filip Ozobiçlə əvəzlədi. “Qəbələ”nin xorvatiyalı “Modriç”i 5 dəqiqə sonra Orxan Sadıqlının qapısına elə bir zərbə endirdi ki, matçı tribunadan izləyən “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundovun belə, qol buraxdığı üçün qapıçısını qınamağa haqqı yox idi.

Yeri gəlmişkən, Zaur Axundov da diqqət mərkəzində idi. O, bir neçə dəfə əsl vəzifəsini və Ramiz Məmmədovun varlığını unudub, baş məşqçilik “məharətlərini” göstərərkən matçı canlı yayımlayan “CBC Sport”un kameralarına tuş gəldi. Amma onun futbolçulara göstərişi heç bir nəticə vermədi. Orxanın kabusuna çevrilən Ozobiç bu dəfə cərimə zərbəsindən bəstəboy qapıçını “ovladı” – 3:0.

Bu qoldan sonra qonaqların 5 real qol şansı olsa da, istər Dmitri Bezotosnı, istər qapı dirəyi, istərsə də qeyri-dəqiqlik onların “qol” deyə, sevinməsinə mane oldu. İnqilab Məmmədovun final fitini həm də son günlərdə gündəmdən düşməyən Zaur Axundovun təcili avtomobilinə minib stadiondan qaçması üçün “start” kimi də dəyərləndirmək olardı. Bunu Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə Qəbələyə ezam olunan jurnalistlərin suallarından qaçış da adlandırsaq, yanılmarıq.

Baş verən son olaylar “Keşlə”nin daha diqqətli davranmasına səbəb olub. Maraqlıdır ki, oyun başa çatandan sonra media nümayəndələrinin paytaxt təmsilçisinin əsas heyət üzvlərindən açıqlama almaq arzusu arzu olaraq qaldı. Çünki Axundovun göstərişi ilə, İlkin Qırtımov, Tərlan Quliyev, Adrian Skarlatake, Slavik Alxasov, Fuad Bayramov soyunub-geyinmə otağını mühafizəçi müşayiəti ilə tərk etdi. Səbəbini soruşduqda isə “rəhbərliyin göstərişidir” cavabını aldıq.

Xüsusi mühafizənin səbəbini komandanın baş məşqçisi Ramiz Məmmədovdan soruşduq. Amma o, “heç bir qadağadan söhbət gedə bilməz” dedi. Və bundan sonra Denis Silva zar-zor açıqlama verməyə razı salındı. Braziliyalı da açıqlamasında 10 il Azərbaycanda oynadığını, ilk dəfə belə halla rastlaşdığını bildirdi. Komanda olaraq çox pis vəziyyətdə olduqlarını etiraf edən “sambaçı” son sözü belə oldu: “Mən Allah deyiləm”…

Təbii ki, futbolçular Allah deyil. Onsuz da tanrı meydandakı məsələlərə qarışmır. Və o da bir gerçəkdir ki, heç Zaur Axundov da Allahın rəsulu deyil…

EMİN SƏFƏROV – BAKI-QƏBƏLƏ-BAKI

www.yenicag.az

1770
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv