Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə elan olunmuş ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, dövlət rəsmiləri, millət vəkilləri, KİV rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirin əvvəlində fondun 10 illiyinə həsr olunan film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Ə.Həsənov bildirib ki, KİVDF Azərbaycanda kütləvi informasiya vasitələrinin və jurnalistikanın inkişafında önəmli rol oynayıb:
“Fond Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş azad media siyasətinin həyata keçirilməsində önəmli xidmətlər göstərib. Bu fondun yaradılması təşəbbüsünü Prezident İlham Əliyev irəli sürüb. 10 il bundan qabaq fondun yaradılması ilə bağlı Prezidentin sərəncamı imzalandı. Ondan bir il qabaq Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul olundu. Həm konsepsiyanın qəbul edilməsi, həm də fondun yaradılması Azərbaycanda dövlətin mediaya qayğısını, dəstəyini sistemləşdirən və vahid konsepsiya ilə həyata keçirən bir mexanizmin yaradılmasını ehtiva edirdi”.
PA rəsmisi bildirib ki, 10 ildir Azərbaycan dövlətinin KİV-lərə, jurnalistlərə, onların şəxsi və xidməti ehtiyaclarına, o cümlədən KİV-lərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasına, jurnalistlərin sosial problemlərinin həll edilməsinə göstərdiyi dəstək şəffaf şəkildə həyata keçirilir və bu prosesdə heç bir qaranlıq məqam yoxdur:
“Bu 10 il müddətində kütləvi informasiya vasitələrinə, jurnalistlərə nə edilibsə, kollegial şəkildə edilib, KİVDF-nin Müşahidə Şurasının bilavasitə nəzarəti ilə həyata keçirilib. İstər mənzillərin paylanması, istər fərdi yazı müsabiqələrinin keçirilməsi, müsabiqələrdə qaliblərin elan olunması, istərsə də kütləvi informasiya vasitələrinə tirajına və onların potensialına uyğun illik yardımların paylanması tam şəffaf və ədalətli sistem üzrə həyata keçirilib. Prezident İlham Əliyevə Azərbaycan jurnalistlərinin bugünkü məmnunluq nümayiş etdirən münasibəti də ona gətirib çıxarıb ki, neçə ildir davamlı olaraq jurnalistlər İlham Əliyevi özünün dostu seçir. Mən Azərbaycan mediasına göstərdiyi sistemli və şəffaf dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Prezident İlham Əliyevin bu siyasətinin həyata keçirilməsində iştirak edən hər kəsə, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına təşəkkür edirəm”.
Daha sonra tədbirdə çıxış edən V.Səfərli bildirib ki, 10 il ərzində Fond tərəfindən bir çox layihələr həyata keçirilib:
“İstər yerli icra hakimiyyətləri, istərsə də mərkəzi icra orqanları və digər qurumlarla birgə bir çox layihələr həyata keçirmişik. 10 ildə çox işlər görülüb, jurnalistlərin peşəkarlığının artırılması, sosial-mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Fond ildə 3 dəfə – Novruz bayramında, Milli mətbuatın yaranma günündə və Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibətilə müsabiqə keçirir”.
V.Səfərli Azərbaycan mətbuatına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə mətbuat adından minnətdarlığını bildirib, eyni zamanda, Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib.
Daha sonra mükafatlar təqdim edilib və tədbir bədii hissə ilə davam etdirilib.