Otuz bir il əvvəl Şuşada – Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olan Məhərrəm Abbasov paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Yenicag.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Müdafiə Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri, döyüş yoldaşları, rayon sakinləri, qazilər, media nümayəndələri iştirak ediblər.
Şəhid Məhərrəm Abbasov əsgəri ənənələrə uyğun olaraq yaylım atəşi və Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidlərimizin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, şəhidin məzarına tər güllər düzülüb, əklil qoyulub.
Qeyd edək ki, şəhid Məhərrəm Abbasov Şuşa rayonunun Daşaltı kəndi ərazisində qalıqları aşkar edilmiş yeddi nəfərdən biridir.