Yerli futbol klublarımızın dünya çapında qazanacağı istənilən uğurları ölkəmizdə turizmin canlanmasına səbəb yarada bilər. Belə ki, Avroliqa oyunlarında Qarabağ futbol klubunun göstərəcəyi hər hansı bir uğur, futbolun klublar səviyyəsində keçirilən mötəbər final oyunlarında Azərbaycanın adını ev sahibiliyinə namizəd olaraq gündəmə gətirməsinə zəmin yaradar. İstər Çempionlar Liqası, istərsə də Avroliqanın final oyunlarına ev sahibliyi etmək, həmin ölkənin ilk növbədə imicinə, ikinci növbədə isə turizmdən gələn iqtisadi qazanclarına görə müsbət təsir göstərə bilər.
Xatırlayırsınızmı, 2000-ci ildə qardaş Türkiyənin Galatasaray klubunun avropada uğur qazanması və digər türk klublarının UEFA-nın oyunlarında öz adlarından bəhs etdirməsi nəticəsində, cəmi 4 il sonra 2005-ci ildə Türkiyənin İstanbul şəhəri Çempionlar Liqasının, 2009-cu ildə isə Avroliqanın finalına ev sahibliyinə layiq görülmüşdü. Bir başqa misal olaraq yenə də qonşu ölkə Rusiyanın “CSKA Moskva” klubunun 2005-ci ildə UEFA kubokunun qazanması, cəmi 3 il sonra, 2008-ci ildə Moskvanın çempionlar liqasının final oyununa ev sahibi olmasına müsbət təsir göstərmişdir. Təbii ki, final oyunun harada keçirilməsi üçün müəyyən kriteriyalar var, amma ev sahibi olacaq ölkənin də klublarının uğurları nəzərlərdən kənarda saxlanılmır.
Bu kimi futbol yarışlarının final oyunlarına ev sahibliyi etmək, ən azı bir gün şəhərinizdə 50-mindən çox turistin axması və bir gündə ölkəyə 10 milyon manatdan çox məbləğin axması deməkdir. Bu baxımından tam əminliklə deyə bilərik ki, “Qarabağ”ın avroliqada uğur qazanması, yalnız futbol azarkeşlərinin deyil, o cümlədən milli iqtisadiyyyat və siyasi sferada fəaliyyət göstərən hər bir vətəndaşımızın sevincinə səbəb olacaqdır.
Azər Bayramov
(gənc araşdırmaçı)