Vüqar Bayramov: “Turizm menecmentliyinin zəif olması bu sektorun fasiləsiz işləməsinə imkan vermir”
Elxan Vəliyev: “İdarəçilikdə nöqsan və çatışmamazlıqlar var”
Qarşıdan qış gəlir. Əksər xarici ölkələrdə, o cümlədən Türkiyədə də qış turizminin inkişafına xüsusi önəm verilir. Azərbaycanda isə bu istiqamətdə müəyyən işlər görülsə də, qış turizmi hələlik özünə yer tapa bilməyib. Turizm mərkəzləri yenə də ancaq yay fəslində fəaliyyət göstərməkdə davam edirlər. Qış aylarında isə boş olurlar.
Yenicag.az saytına açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov idarəçiliyin aşağı səviyyədə olmasını qış turizminin zəif olmasının başlıca səbəbi kimi dəyərləndirdi: “Son zamanlar qış turizminin inkişafı istiqamətində müəyyən addımlar atılır. Şahdağ Turizm Kompleksinin istifadəyə verilməsi qış turizminə marağın artmasına gətirib çıxarıb. Eyni zamanda, reallıq ondan ibarətdir ki, Azərbaycanda bu sektor daha çox yay turizmi üzərində qurulub. Turizm sektorunda klaster yanaşmanın tətbiq edilməsini təklif edirik. Problem ondan ibarətdir ki, rayonlarda olan turizm obyektləri yalnız yay dövründə turizmin inkişafını həyata keçirə bilirlər. İlin digər mövsümündə isə əksər turizm obyektlərinin fəaliyyəti dayanır. Qış turizmi sahəsində geriliyin səbəblərindən başlıcası turizm idarəçiliyinin zəifliyi ilə bağlıdır. Turizm menecmenti zəif olduğundan, rayonlardakı obyektlər mövsümü olaraq fəaliyyətlərini davam etdirə bilmir və belədə fəaliyyətləri ancaq bir mövsümə ünvanlanmış fəaliyyətdən ibarət olur. Deməli, menecmentin zəif olması bu sektorun fasiləsiz işləməsinə imkan vermir. Turizm obyektləri yaydan sonrakı inkişaf üçün də strategiyalarını müəyyənləşdirməlidirlər. Apardığımız tədqiqatlar göstərir ki, rayonlarda inşa edilən otellərin böyük qisminin konfrans zalları yoxdur. Konfrans zallarına malik olmaqla otellər yaydan sonrakı mövsümdə həmin obyektlərdə konfrans, simpozium və seminarların həyata keçirilməsini təşkil edə bilər. Turizm obyektlərinin təhsil müəssisələri, hətta bələdiyyələrlə birgə layihələr həyata keçirməsi də vacibdir. Yalnız yay mövsümünə xarakterik xidmətlərdən deyil, eyni zamanda, digər, məsələn, turizm obyektinin yerləşdiyi yerdə ekuskursiyaların təşkili də həyata keçirilməlidir”.
Turizm eksperti Elxan Vəliyev də qış fəslində ölkəmizdə turuzmin zəif olmasını idarəçilikdəki qüsurlarda axtarmağı lazım bildi: “Bu sahədəki mövcud idarəçilikdə müəyyən nöqsan və çatışmamazlıqlar var. Ölkəmizdə turizm obyektləri ancaq yay fəslində işləməyə meyllidir. Hər bir ölkədə, istər Türkiyə, istərsə, Avropa ölkələri olsun, qiymət müəyyən edərkən qiymət standartları mövcuddur. Kənardan gələn müştəriyə bir, daxildəkinə isə ayrı cürə qiymət təklif olunur. Bu tendensiyanın Azərbaycanda olmaması səbəbindən turizm, əsasən də qış turizmi zəif həddədir”.
Rüfət