Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Elşən Musayev: “Bir aparıcı var. Yüz ilin fahişəsi….”

29762 Bir zamanlar daşıdığı SPİD virusu və həyat tərzi ilə bütün manşetləri zəbt edən Elnarəni hesab edirəm kimsə unutmayıb. Yaxın keçmişin söhbətidir. Ən azından ona görə….Onlarla kişini öz yatağına salaraq, yaşadığı həyatın acısını çıxmağa çalışmışdı Elnarə. Bacarmamışdi amma. İntim əlaqədə olduqlarının canına vəlvələ salsa da qanlarına virus sala bilməmişdi. Və… durum bir anlıq elə qəlizləşmişdi ki, 15 yaşlı bu qızcığazla bağlı dövlət, hüquq-mühafizə orqanları belə qərar verməkdə çətinlik çəkirdılər. Fəqət, həbs olundu. Bir müddət “yatdı”, çıxdı və öldü….

 

O vaxt yerli mətbuatda mövzu ilə bağlı çox ciddi polemikalar başladı. Hami od-alov püskürdü Elnarəyə. Hamı asıb-kəsdi, ittiham etdi. Həyatı isə “söz konusu” olmadı, bu qızın. Kimsə üçün. Elnarənin fahişəyə necə çevrilməsi, bu xəstəliyi hardan tutması, psixoloji durumunun hansı səbəbdən bu yerlərə gəlməsi cəmiyyət üçün gerçəkdən maraqlı deyildi… Oysa o, 4 yaşında valideynləri tərəfindən atılmış, 1 il küçə həyatı yaşadıqdan sonra yetimlər evinə verilmiş, 11 yaşında zorlanmış, 13 yaşında hamilə qalmış bir qızcığaz idi… O yetim idi. Biçarə bir yetim idi o…

Elnarə ilə bağlı yadımda qalan ən kritik məqam isə… onun verdiyi ilk və son müsahibədir. Yekunda belə bir sual ünvanlanır: ”Həyatda ən böyük arzun nədir? Cavab MƏHVEDİCİDİR: “Bir dəvətnamə göndərsinlər. Öz adıma. Yazsınlar ki, Elnarə xanım, sizi filankəsin toy məclisinə dəvət edirik. Vəssalam. Başqa heç nə. Ömrümdə bir dəfə xanım deyə müraciət eləsinlər, insan yerinə qoysunlar məni. Bəsimdir. Vallah ki, başqa arzum yoxdur”.

***

Azərbaycan analı-atalı yetimlərin bol olduğu məmləkətdir. Hə, əzizlərim. Eynən dediyim kimi. Həm də -ATALI – ANALI yetimlərin!!!… Və ya, yenə cəhənnəm – həqiqətən dünyada olmayan insanın balası qohum biqeyrətliyi ucbatından yiyəsiz qalanda min lənət deyib barışırsan durumla. Amma… bir də baxırsan, ata “Lexus”–da, ana 30 minlik şubada 24 saat boyunca bərq vurur. Həm də boynu dik. Üstəgəl, utanmadan! Övladsa yetimlər evində. Sahibsiz. Ortalıqda. Valideynlər bəhsə-bəhs girib, məsuliyyəti bir-birinin üzərinə atıblar deyə. Öz haramzadə ömürlərini doyasıca yaşamaq, yenidən  evlənmək, ərə getmək, rahatca sülənmək, əylənmək, ya da canım sizə desin -bahalı otellərdə bazlıq eləmək, Antalya çimərliklərində toples “zaqar” almaq eşqinə düşüblər deyə…

Yaxşı, bəs uşağın günahı nədir, ay vicdansızlar?!!! Onu əkib, doğarkən (ifadəyə görə çox – çox üzr istəyirəm) yetərincə düşündünüzmü?… Axı, bir insan taleyi – həyatın acı hökmünə sipər edilir… bunundamı fərqinə varmadınız? Manyakmısız, cəlladmısız, sadistmisiz?. Deyin, biz də bilək.

Hələ o gün bütün fikrimi, diqqətimi heyrətlə efirə zilləmişəm. TV-lərin birində məhşur aparıcı var. Millətə əxlaq dərsi keçir. Avaranın da biri. Yüz ilin fahişəsi. Övladını 5 yaşından internat məktəbinə qoyub. Yetimlik həyatına məhkum edib. Amma elə danışır, elə dil-dil ötür, tanıyıb-bilməsən ətəyində namaz qılarsan,  əlindən öpərsən…

Nə isə…

***

Zaman 2011. Noyabr ayı. Məkan – Yetimlər evi. Küncə qısılıb qalan qızcığaza yaxınlaşıram:

– Ay , bu nə şirin qızdır. Adın nədir sənin, gözəl balam?

– …

– Bax, əmi sənə nə gətirib. “Barbi”. Al, utanma. İçində çantası və paltarları da var. Əminəm ki, bəyənəcəksən. Özü də fikir ver, eynən sənin kimi buruq saçları var.

– …

– Aha. Anladım. Belə şeylər sevmirsən. O zaman buna bax barı. Mətbəx oyuncağıdır. Qazı, soyuducusu, stolu, stulu, meyvələri, əlqərəz hər şeyi var. Sevəcəksən, inan.

– …

– Aman da tərsmişsən sən, gül balam. Deyəsən kəlmə kəsməyəcəyinlə bağlı and vermisən, hə?

– …

– Nooldu, gözəlimin dilini pişikmi apardı? (deyib gülümsünürəm)

( bu arada arxadan tərbiyəçinin səsi gəlir…)

– Fəridə laldır, Elşən müəllim, 4 yaşında stressdən dili tutulub. Amma eşidir.

– …

– Hamının sevimlisidir. Son dərəcə də tərbiyəli, kübar qızdır. Burdakı uşaqlar adını Göyçək Fatimə qoyub. Yaman çox istəyirlər onu.

– …

– Anası vəfat edib. Atası isə sosial fondların birində çalışır. Amma bura təhvil verilən gündən bəri gəlib uşağına baş çəkməyib. Bir dəfə də olsun.

– …

– Fəridənin gözəl əl qabiliyəti var. Rəssamlığa meyllidir. Amma bu rəssamlıq üstündə bir dəfə danlanıb. Çarpayının ayağına iri hərflərlə “ANA” sözünü yazmışdı deyə…

– …

– Baxın, o “reşotka”nın dəmirləri var ha, onu Fəridə öz kiçicik barmaqları ilə əyib. Uşaq 24 saat pəncərə önündən çəkilmir. Gözü davamlı yoldadır. Atasından əlini üzüb. Amma övladı olmayanlar uşaq götürməyə gələndə çox həvəslənir, gecədən bəzənib-düzənib gözləyir…

– ….

– Götürmür amma onu kimsə. Bu gözəllikdə ay parçasını bir tək lal olduğuna görə kimsə götürmür….

***

Fəridə ilə baxışlarımız toqquşub. Diqqəti tam anlamı ilə məndədir. Özünü var gücü ilə sıxıb saxlayıb.  Gözləri açıq və aralıdır. Qırpsa o gül yanaqlarından yaş süzüləcək. Amma qırpmır. Ağlamır. Onu ağlarkən görməyimi istəmir…

Ən böyük hayqırtı sükutdur, deyirlər ha… Gerçəkmiş!

Qorxunc bir bağırtı eşidirəm əslində: “Əmi, nooldu, dilini pişik apardı?!”

(aktual.az)

www.yenicag.az

318