Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) iyulun 13-də xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə statistikanı açıqlayıb.
BDYPİ-dən Yenicag.az-a verilən məlumata görə, oronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 13.07.2020-ci il saat 00:00-dan 14.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1178 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 129 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə 3 nəfər olmaqla ümumilikdə 1310 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 40-ı rayon, 80-i paytaxt istiqamətinə olmaqla 120, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 50-i rayon, 65-i paytaxt istiqamətinə olmaqla 115, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 90-ı rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 150 avtomobil geri qaytarılıb, ümumilikdə 385 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.