4 generalın işdən çıxarılması ilə bağlı Açıqlama

1412102736_general-zakir-hesenovAzərbaycan Müdafiə Nazirliyi 4 generalın ordu sıralarından tərxis edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, bəzi elektron informasiya vasitələrində Silahlı Qüvvələrin 4 generalının ordu sıralarından tərxis edilməsinə dair yayılan xəbərlər həqiqəti tam əks etdirmir.

Nazirlikdən bildirilib ki, adı qeyd olunan general-mayor Qorxmaz Qarayev həqiqətən də “öz arzusu ilə” Ali Baş Komandanın sərəncamına əsasən ehtiyata buraxılıb. Xəbərdə adları qeyd olunan digər 3 ali rütbəli zabit – general-mayor Fəxrəddin Cəbrayılov, general-mayor Rafiq Hüseynov və general-mayor Mirzə Almasov isə ordu sıralarından ehtiyata buraxılmaları üçün komandanlığa müraciət ediblər.

Müdafiə naziri tərəfindən general-mayor F. Cəbrayılov və general-mayor R. Hüseynovun Mərkəzi Hərbi Həkim Komissiyasının çıxardığı “xəstəliyə görə” rəyinə, general-mayor M. Almasovun isə “öz arzusu ilə” Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmaları barədə Ali Baş Komandan qarşısında vəsatət qaldırılacaq.