4 il əvvəl adam öldürən şəxs saxlanıldı – Hacıqabulda

Hacıqabulda 4 il əvvəl avtomobillə piyadanı vuraraq öldürən şəxs həbs edilib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, 2015-ci il aprel ayının 10-da Hacıqabul sakini, 1983-cü il təvəllüdlü Xancanov Şamxal Əbülfəz oğlu nəqliyyat vasitəsi idarə etmək hüququ olmadan Hacıqabul-Şirvan magistralında VAZ-210154 markalı 90 MT 610 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyadanı vurub və hadisə yerindən qaçıb. Nəticədə piyada İsmayılov İlqar Əlirza oğlu ölüb.

Hadisə baş verən gündən bəri Ş.Xancanov hüquq-mühafizə orqanlarından gizlənməyə müvəffəq olub. O, izi itirmək məqsədi ilə avtomobili hissələrə bölərək ayrı-ayrı şəxslərə satıb.

Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Xancanov saxlanılaraq istintaqa təhvil verilib.

Onun barəsində cinayət məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə cinayət işi başlanıb.

Faktla bağlı araşdırma davam etdirilir.