Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Tovuza yeni icra başçısı təyin olunub.
Yenicag.az xəbər verir ki, sərəncama əsasən Zeynalov Tofiq Məhəmmədəli oğlu vəzifədən alınaraq, onun tutduğu post Məmmədov Məmməd Cahangir oğluna tapşırılıb.
Maraq üçün bildirək ki, Tofiq Zeynalov ən uzun müddət vəzifədə qalan icra başçılarından olub. 2007-ci ildə sözügedən posta təyin olunan Zeynalovun adı mütəmadi olaraq qalmaqallarda hallanıb.
İkinci Dünya Müharibəsi ərəfəsində, 1944-cü ildə dünyaya gələn Tofiq Zeynalov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun qardaşıdır. Onun digər qardaşı Fikrət Zeynalov da Sabunçu rayonunda yerləşən 3 saylı şəhər Klinik Xəstəxanasına baş həkimidir.
Zeynalovlar nəslinin davamçılarından olan, sabiq başçının oğlu Qoşqar Zeynalov isə Bakı Dövlət Yol Polisi İdarəsində şöbə müdiri vəzifəsində çalışır. Oğul Zeynalov mətbuata elə də yad sima deyil. Belə ki, Qoşqar Zeynalovun başı hazırda məhkəmə işinə qarışıb. Qoşqar Zeynalovun iddiasına görə, həmyerlisi Rahib Hüseynov onun 4 milyon 300 min manatını mənimsəyib. İttihama görə, R.Hüseynov “Azərbaycan Dəmiryolları” QSC-yə yataq dəstləri gətirmək adı ilə Qoşqar Zeynalovdan 4 milyon 300 min manat alıb. Ancaq Tofiq Zeynalovun polis oğlunun bu qədər pulu hansı yolla və necə əldə etdiyi sual olaraq qalır.
Qeyd edək ki, 156 evakuasiya xidmətinin də Zeynalovlara məxsus olduğu deyilir.
Emin Səfərov