4 ölkə arasında anlaşma: “Bu, Rusiyanın nə qədər qısqanc olduğunu sübut edir” – ŞƏRH

“Qonşu dövlətlərin ticarət etməsi çox müsbət haldır”.

Bunu Türkmənistan qazının İran, Azərbaycan və Türkiyədən keçməklə Avropaya çatdırılması ilə bağlı razılığın əldə olunmasını şərh edən keçmiş millət vəkili Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında deyib.

Nazim Bəydəmirli bildirib ki, 4 ölkə arasındakı anlaşma Transxəzər layihəsinin hələki mümkün olmayacağı dövrdə bir alternativdir:

“Xəzərin statusu barədə razılıq əldə edilməyən zaman Türkmənistan qazının Nabuko, TAP və TANAP layhələri vasitəsi ilə Xəzərin dibi ilə çəkiləcək marşurutla Azərbaycan üzərindən Avropa ölkələrinə çatdırılacağı düşünülürdü. Bu, ildə təxminən 15 milyard kub metr qaz edirdi. Yeri gəlmişkən, Azərbaycan qazı Avropanın qaz istehlakında cəmi 1.5 faizə malikdir. Bu həcmi artırmaq həm İranın, həm Azərbaycanın, həm də Türkmənistanın üzərinə düşür. Burada əsas güc sahibi təəssüflər olsun ki, Rusiyadır. Xəzərin statusunun müəyyən edilməsini uzun müddət subyektiv olaraq Rusiya yubatdı. İndi də belə anlaşılır ki, Xəzəryanı ölkələr Rusiyadan çəkinir. Beləliklə Xəzəri yan keçərək belə bir marşurutdan istifadə etmək müvəqqəti çıxış yolu kimi dəyərləndirilir. Rusiya təbii qazla Avropa ölkələrini təhdid etməkdən əl çəkmir. Sonuncu hesabatlara görə Avropanın qaz təchizatının 44 faizini Rusiya öz əlində saxlayır. Uzun illərdir ki, Rusiya Qazprom vasitəsi ilə 100-150 dollara Türkmənistan qazını alır, Avropaya 400 dollara satır. Rusiya Türkmənistanın müstəqil qaz siyasətinə mane olub. İran və Türkiyə Türkmənistana kömək etməyi nəzərdə tuturlar. Bu Rusiyanın nə qədər təhlükəli dövlət olduğunu, enerji məsələlərinə nə qədər qısqanc yanaşdığını sübut edir”.

Səxavət Məmməd