9 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 4-ü vəzifədən azad edilib.
Yenicag.az-ın məlumatına görə, bunu Baş prokuror Zakir Qaralov prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarısında “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində çıxışı zamanı deyib.
Əməliyyat müşavirəsində xüsusi olaraq qeyd edilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb. Aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 9 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 4-ü vəzifədən azad edilib.
Tələb edilib ki, bütün struktur qurumlarda, tabe rayon və şəhər prokurorluqlarında, ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.
Xüsusi vurğulanıb ki, vətəndaşları narahat edən məsələlərin həllinə diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tələbi rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, vətəndaşların mütəmadi olaraq qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılıb, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun, ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib.
Vətəndaş müraciətləri üzrə natamam və qeyri-obyektiv yoxlamalar aparılması, süründürməçilik hallarına yol verilməsi, əsassız qərarlar qəbul edilməsi, vətəndaşlara müraciətləri üzrə formal və səthi cavabların verilməsi, qəbullarının keçirilməsi qaydalarının pozulması kimi çatışmazlıqların hələ də mövcud olduğu nəzərə alınmaqla, bütün struktur qurumların rəhbərləri və tabe prokurorlardan müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin daha da təkmilləşdirilməsi, bu sahədə bütün neqativ halların təxirəsalınmadan aradan qaldırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi tələb olunub.