Abşeron, Gədəbəy və Salyan rayon sakinlərində narkotik vasitə aşkarlanıb.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Biləsuvar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Abşeron rayon sakini M.Nəsirov və Gədəbəy rayon sakini A.Nəbiyev şəhər ərazisində saxlanılıblar.
Şəxsi axtarış zamanı M.Nəsirovdan 37 qram heroin aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış zamanı əlavə 1 kiloqram 75 qram metamfetamin və 555 qram heroin də aşkar edilərək götürülüb.
Bundan başqa, Salyan RPŞ əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xurşud kənd sakini V.Mirzəyev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 425 qram marixuana götürülüb.
Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan A.Məmmədov saxlanılıb.
Davam etdirilən tədbirlərlə onun şəhər ərazisindəki evindən 101 qrama yaxın heroin, 50 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Həmçinin, Yevlax RPŞ əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ocayev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 425 qram marixuana aşkar edilərək götürülüb.