Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Yenicag.az-a verilən məlumatda bildirilir ki, 22 sentyabr 2017-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan Respublikasında və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə qabaqcadan əlbir olub Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müvafiq icra hakimiyyətinin razılığı və sənədləri olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan Respublikası ərazisindən qəsdən keçərək Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz gəlmələrinə əsaslı şübhələr olduğundan 28 sentyabr 2017-ci il tarixdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.
Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib.
Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.