Belarusun Rusiyadan asılılığı: “Azərbaycana hansısa güc təzyiq edə bilməz” – ŞƏRH

“Azərbaycan heç vaxt Rusiya və Belarusun yaratdığı İttifaqa qoşulmayacaq”.

Bu fikri Rusiya-Belarus İttifaqının yaradılmasında sonra Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədri Leonid Kalaşnikovun Rusiya və Belarusun yaratdığı İttifaq dövlətinə sonradan vaxtilə Sovet İttifaqının tərkibində olan digər ölkələr də qoşula bilər deməsinə, gələcəkdə Azərbaycanın da bu ittifaqa qoşulma ehtimalına münasibət bildirən politoloq Yusif Bağırzadə Yenicag.az-da səsləndirib.

Politoloq öncə Rusiya ilə Belarusun yaratdığı ittifaqla bağlı danışaraq bildirib ki, Belarus Rusiyadan aslı dövlət idi:

“Belarusla Rusiya arasında bir dövlət ittifaqı deyilən mövzu artıq 10 ilə yaxındır ki, gündəmdədir. Bu iki ölkənin eyni millətə mənsub olması ilə əlaqədar idi. Bundan əlavə, Belarus Rusiya iqtisadiyyatından aslı idi. İki ölkənin bir ittifaq altında birləşməsi həmişə gündəmdə olub. Bir il öncə prezident seçkiləri zamanı çox ciddi problemlər yaranmışdı. Lukaşenko yenidən seçkidə qələbə qazandı. Bu proseslər Belarusun istər qonşu ölkələrlə, istərsə də Qərblə münasibətlərini pisləşdirdi, Rusiya ilə isə daha da yaxınlaşdırdı. Belarus dövlətinin özü Rusiyaya yaxınlaşmaq təklifləri verdi. Belarusun çox zəif iqtisadiyyatı var.Ölkənin böyük neft emalı zavodları var, ancaq karbohidrogen ehtiyatı yoxdur. Həmin zavodlar birbaşa Rusiya neftindən aslıdır. Belarus hakimiyyəti Rusiyanı bir çıxış yolu kimi görür”.

Keçmiş postsovet ölkələrinin bu ittifaqa qoşulması iddiasına gəldikdə isə Yusif Bağırzadə bunları deyib:

“Keçmiş postsovet ölkələrinin bu ittifaqa qoşulması mümkün görünmür. Bu gün Azərbaycan dünyaya, Qərbə inteqrasiya edir. Azərbaycan Türkiyə, Pakistanla strateji müttəfiqdir. Beynəlxalq münasibətlərdə Azərbaycan heç bir dövlətin daxili və xarici işinə qarışmır. Beynəlxalq hüquq çərçivəsində davranır. Azərbaycana heç bir dövlət təsir edə bilməz. Azərbaycan iqtisadiyyatı o qədər güclüdür ki, ona hansısa güc təzyiq edə bilməz”.

Səxavət Məmməd