!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

44 günə sığdırılan BÖYÜK ZƏFƏR: Azərbaycan tarixi ədaləti necə bərpa etdi?

!Reklam – Yazi

Hər kəsə məlumdur ki, 2020-ci il dövlətçilik tariximizə Zəfər ili kimi həkk olundu.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm qələbə qazandı və xalqımızın 30 illik həsrətinə son qoyuldu. “Dəmir yumruq” adı altında başlanan uğurlu əks-həmlə əməliyyatının ilk saatlarından düşmənin xüsusilə möhkəmləndirilmiş ön müdafiə xəttini yaran Azərbaycan Ordusu günortadan sonra Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz və Qərvənd kəndlərini, Ağdərə rayonunda və Murovdağ silsiləsində mühüm strateji yüksəklikləri azad etdi.

Daha sonra Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı qətiyyətlə bəyan etdi:

“Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır. Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq”.

“Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Madagiz kəndini işğaldan azad etdi. Bu xoş müjdəni tvitter hesabından xalqımıza çatdıran dövlət başçısı kəndin tarixi adını da bərpa edərək onu Suqovuşan adlandırdı. Ordumuz oktyabrın 4-də Cəbrayıl şəhərini, 9-da isə Hadrut qəsəbəsini düşməndən təmizlədi. Ermənistan silahlı qüvvələrinin “məğlubedilməzlik” mifini əməliyyatların ilk günlərindəcə darmadağın edən rəşadətli ordumuz oktyabrın 17-də Füzuli şəhərində Azərbaycan bayrağını ucaltdı. Oktyabrın 18-də – Müstəqillik Günündə Azərbaycanın üçrəngli bayrağı qədim Xudafərin körpüsünün üzərində dalğalanmağa başladı. Bundan iki gün sonra – oktyabrın 20-də isə Zəngilan şəhəri işğaldan azad olundu. Oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycanın İran ilə dövlət sərhədi tam nəzarətə götürüldü.

Azərbaycan Prezidenti İlham Əliyev tvitterdəki səhifəsində bu barədə belə qeyd etmişdi:

“Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!”.

Ordumuz oktyabrın 25-26-da Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının 17 kəndini və Qubadlı şəhərini azad etdi. Bu əməliyyatın ən böyük əhəmiyyətindən biri də Qarabağdakı separatçı ünsürlərlə Ermənistanı birləşdirən əsas magistral yolun nəzarətə götürülməsi idi. Oktyabrın 28-dən noyabrın 7-dək olan müddətdə 53 kəndi və bir neçə strateji yüksəkliyi azad edən Azərbaycan Ordusunun növbəti hədəfi qədim Şuşa şəhəri idi.

Şuşanın işğaldan azad olunması müharibədə həlledici rol oynadı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Şuşanın azad olunduğu gün Prezidentimiz tərəfindən tariximizə Zəfər günü kimi təsbit edildi. Azərbaycan, Rusiya liderlərinin və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata görə isə Kəlbəcər, Ağdam və Laçın rayonları qan tökülmədən azad edildi. Ümumilikdə, Prezident İlham Əliyevin Ali Baş Komandanı olduğu Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi zamanı 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini və çoxsaylı strateji yüksəklikləri işğaldan azad etdi.

Bir sözlə, prezidentin komandanlığı altında ordu­muz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edərək Qarabağımızı qısa zamanda azad etdi.  Beləliklə, Vətən müharibəsi no­yabrın 10-da tarixi qələbə ilə başa çatdı. Bu qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.  Qərbi Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirilməsinin türk dünyasını coğrafi baxımdan parçaladığını dərindən bilən prezi­dent Naxçıvanla ölkənin əsas hissəsini birləşdirən yolun tikintisinə dair razılaşmaya da nail oldu.

Erməni təcavüzkarlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması və 1 milyondan çox qaçqınımızın doğma torpaqla­rına qaytarılması Prezident İlham Əliyevin xarici siyasətində başlıca vəzifə idi. Bu missiyanın əsası ulu öndər tərəfindən qoyulmuşdu. O bütün çıxışlarında qaçqın və məcburi köçkünlərin mütləq öz torpaqlarına qayıdacağı­nı, erməni qəsbkarlığının uzun sürməyəcəyini dönə-dönə bildi­rirdi. Hər şeyin zamana ehtiyacı olduğunu vurğulayırdı. Ulu öndər 2003-cü ildə müalicə olunduğu Klivlend Klinikasından Azərbaycan xalqına müraciətində bu sözləri bildirirdi:

“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim tale­yüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Şübhəsiz ki, bu gün ulu öndərin, şəhidlərimizin ruhları şad­dır. Prezident İlham Əliyev Şuşa azad olunanda Heydər Əliyevin məzarını ziyarət etdi, həm hesa­bat verdi, həm də borcunu yerinə yetirdi.

Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz prinsipial mövqeyini hələ Avropa Şurasının Parlament Assamb­leyasındakı fəaliyyəti zamanı nümayiş etdirmişdi. Azərbaycanın bu məsələdə haqlı və ədalətli tərəf olduğunu, ölkəmizin təcavüzə məruz qaldığını, 20 faizdən çox torpaqlarımızın işğal olunduğunu, 1 milyondan artıq azərbaycanlının öz doğma yurd-yuvasından didərgin salındığını Avropa cəmiyyətinə, bütün dün­yaya çatdırmaqda İlham Əliyev misilsiz rol oynayıb. Məlumdur ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, hər hansı dövlət beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini iş­ğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollek­tiv şəkildə müdafiə etmək hüququ verilir. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanı­nan öz ərazisində keçirdi. BMT Təhlükəsizlik Şurası, BMT Baş As­sambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün pozulmasını və erməni faşizminin ölkəmizə qarşı təcavüz aktını təsdiqləyən qətnamələr qəbul ediblər. Avropa İttifaqı ilə bizim aramızda paraflan­mış sənəddə də sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bu onu göstərir ki, ölkə başçısı müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələddir. Qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri öncədən görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün qabaqcadan hazırlayır.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan müasir döyüş strategiyasında pilotsuz uçuş aparatlarından (PUA) yüksək peşəkarlıqla istifadə edərək dünya hərb tarixində mühüm yeniliklər etdi. İkinci Qarabağ müharibəsinə qədər PUA-lardan bu miqyasda, bu cür səmərəli şəkildə istifadə olunmamışdı. Bununla yanaşı, Şuşanın azad olunması əməliyyatından danışan Prezident İlham Əliyev qeyd edib ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər.

Vətən müharibəsində şanlı qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb. Müharibədə Silahlı Qüvvələrimizin hərbi qulluqçularından 2907 nəfər şəhid olub. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Sentyabrın 27-si Prezidentin Sərəncamı ilə şəhidlərimizin xatirəsinə Anım Günü elan olunub. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edir. Döyüşlərdə iştirak etmiş on minlərlə hərbçi Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden, medal və fəxri adlarla təltif olunub. Habelə 83 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına, 33 nəfər isə “Zəfər” ordeninə layiq görülüb.

Vətən müharibəsində qələbəmizin ən mühüm nəticələrindən biri də Prezident İlham Əliyevin xüsusi səyləri nəticəsində Cənubi Qafqa­zın beynəlxalq münasibətlər tarixində dönüşün və ya yeni dövrün başlanmasıdır. Regionu­muzun problemlərinin həllində qardaş Türkiyənin rolunun artma­sı, Naxçıvan dəhlizinin açılması ilə bağlı razılaşma Türk-İslam tarixinin gələcəyi üçün çox böyük nailiyyətdir. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. Bir sıra beynəlxalq təşkilatlar və Azərbaycana dost ölkələr ədalətli mübarizəmizdə ölkəmizə böyük dəstək verdilər.

Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib:

“Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”.

Şübhəsiz ki, 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Bu müharibə yalnız Azərbaycana torpaqlarını deyil, torpaq itirən xalqın sarsılmış inamını da özünə geri qaytardı.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

1203
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv