“44 nəfər qazdan zəhərlənib” – Baş toksikoloq

“Cari ilin yanvar ayında 18 nəfər, fevralda 20 nəfər və martda 6 nəfər dəm qazı zəhərlənmələri ilə 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə daxil olub”.

Yenicag.az xəbər verir ki, bunu KTM-in Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib. Onun sözlərinə görə, müraciət edən xəstələrin 70 faizini qadınlar təşkil edib: “Dəm qazından zəhərlənən xəstələrin hamısı evə buraxılıb. Yanvarda 2, fevralda 3, martda isə cəmi 1 uşaq dəm qazından zəhərlənib. Bu müddət ərzində şöbədə dəm qazından ölüm faktı qeydə alınmayıb”.

Şöbə müdiri dəm qazı zəhərlənmələri ilə bağlı əhaliyə tövsiyələr də verib. O, qeyd edib ki, insanlar qaz cihazlarının yaxınlığında diqqətli olmalı, qaydalara riayət etməlidirlər: “Dəm qazından zəhərlənmiş xəstənin huşu özündədirsə, onu ancaq təmiz havaya çıxarmaq lazımdır. Dəm qazı zəhərlənmələri əsasən hamam otağında olur. Bədənin hərarəti düşdüyü üçün xəstənin üstünü örtmək və ona isti su vermək lazımdır.

Huşu özündə olmayan insanların isə ağız boşluğunu açaraq seliyi təmizləmək lazımdır ki, nəfəs yolları açılsın. Bundan sonra isə mütləq təcili yardıma xəbər etmək lazımdır. Dəm qazı zəhərlənmələrinin qarşısını almaq mümkündür. İşarə verən xüsusi qurğular var, onlar qaz cihazlarına yerləşdiriləndə dəm qazı əmələ gələrkən işarə verir və qaz verilişi dayanır”.

A. Maqsudov qeyd edib ki, bu il fevral ayında 2 nəfər sirkə turşusu, 11 nəfər kəskin allergik reaksiya ilə şöbəyə daxil olub.

COP29