Haaqada keçirilən “Ukrayna üçün ədalətin bərpası” konfransının siyasi bəyannaməsi 44 dövlət tərəfindən imzalanıb.
Sənədin mətni həmçinin təcavüz cinayəti üzrə xüsusi tribunalın yaradılmasını və Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın xeyrinə istifadə edilməsi təşəbbüslərini dəstəklədiyini ifadə edir.
Yenicag.az xəbər verir ki, bəyannamənin mətni Hollandiya hökumətinin portalında dərc olunub.
Yekun sənədi Albaniya, Andorra, Avstraliya, Avstriya, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova, Monako, Monteneqro, Hollandiya, Yeni Zelandiya, Şimali Makedoniya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Sloveniya, İspaniya, İsveç, Ukrayna, Böyük Britaniya və ABŞ imzalayıb. Konfransda ümumilikdə 57 ölkə iştirak edib.
Sənəddə Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü beynəlxalq hüququn və asayişin kobud şəkildə pozulması kimi pislənir və BMT məhkəməsinin Rusiyaya hərbi əməliyyatları dayandırmaq əmri verən 16 mart 2022-ci il tarixli qərarını xatırladır.
Ölkələr Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı törətdiyi bütün beynəlxalq hüquq pozuntularına, o cümlədən təcavüz cinayətinə görə lazımi təhqiqatın və cavabdehliyin təmin edilməsi üçün birgə səyləri artırmağa çağırır.
Sənədi imzalayanlar konfransda müxtəlif dövlətlərin təhqiqatları daha da dəstəkləmək üçün verdiyi vədləri alqışlayır və Vladimir Putin üçün misli görünməmiş həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsi də daxil olmaqla, artıq işdə iştirak edən bütün qurumların rolunu qeyd edirlər.
Bəyannamənin Ukraynaya dəymiş zərərin ödənilməsinə həsr olunmuş ikinci bölməsi aprelin 2-dən ərizələrin qəbuluna başlayan Zərərlər Reyestrinin başlanmasını alqışlayır.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bəyan edib ki, əgər genişmiqyaslı müharibənin əvvəlində xüsusi tribunal ideyasına skeptisizmlə yanaşılıbsa, indi bu, bir çox ölkələr tərəfindən dəstəklənir və bu, yekun bəyannamədə öz əksini tapıb.
Yenicag.az