“Bizi məhkəməyə verdirənlərlə xaker hücumu edənlər eyni şəbəkə tərəfindən idarə olunur” – Aqil Ələsgər
Yenicag.az ciddi xaker hücumuna məruz qalıb. Bu barədə Avropa.info-ya açıqlama verən baş redaktor Aqil Әləsgər bildirdi ki, artıq son bir ayda 10-cı dəfədir ki, belə bir hücumla üzləşir. Yenicag.az bu gün də davamlı olaraq xaker hücumuna məruz qalıb.
Aqil Ələsgərin bildirdiyinə görə, sayta olan hücum öz nəticəsini verməsə də, saytın bazasının tam təhlükəsizliyi üçün onlar müvəqqəti olaraq, saytın fəaliyyətini bir neçə saatlıq dayandırıblar.
Aqil Әləsgər hücumun haradan gəldiyini isə belə açıqladı: “Biz hansı şəbəkədən yazırıqsa, həmin şəbəkə bizi hər tərəfdə susdurmağa çalışır. Ancaq susmayacağıq”.
***
Axşam saatlarda saytın fəaliyyətini bərpa etdiklərini bildirən Aqil Ələsgər “Texniklərimiz dəqiqədə 12 min İP-lik bir hücum olduğunu və hazırki situasiyada bu hücuma qarşı yeganə çıxış yolunun saytı qısa müddətli dayandırmaq məcburiyyətində qaldıq. Hazırda saytın fəaliyyətini bərpa etmişik. Lakin eyni durumla üzləşəcəyimizi yenə də bilirik və bununla bağlı hansı tədbirləri görəcəyimizlə bağlı müzakirə aparırıq. Açığı, Azərbaycanda maddi imkan və texnika baxımından güclü olan saytların belə çar-naçar qaldığı durum qarşısında çox böyük şansımız yoxdur. Lakin qarşı tərəf bizdən də aciz durumdadır. Çünki texnologiya əsrində yaşayırıq və məlumatların gizlədilməsi, medianın susdurulması mümkün deyil. Sayta gündə hücum edin, sosial mediada hesablarımızı ələ keçirin, dəyişən bir şey yoxdur. Əgər bir məlumatın yayılmasını qarşımıza məqsəd olaraq, qoymusansa, qarşını kimsə kəsə bilməz. 15-20 il öncə bəlkə də bu mümkün idi, ancaq indi məlumatları paylaşmaq üçün bəzən sayta-qəzetə belə ehtiyac yoxdur, bir Facebook və ya Twitter hesabı ilə gündəm yaratmaq mümkündür. Bütün dünyada bunun bariz örnəkləri var”.
Aqil Ələsgər hesab edir ki, yenicag.az-a hücum edənlərlə məhkəməyə verdirənlər eyni qrupdur: “Mən əminəm ki, bu gün yenicag.az-a kiberhücum təşkil edən qrupla Neft Şirkətinin arxasında gizlənərək, 2 milyonluq iddia ilə bizi məhkəməyə verdirənlər eyni şəbəkə tərəfindən idarə olunurlar. Vaxtilə Elnur Aslanovun əleyhinə nəsə yazdıqda, həmin sayta kiberhücum olurdu. Eyni taktika bu gün Gülən əleyhinə yazanlara qarşı tətbiq olunur. Bizim sayta azacıq nəzər salan bilir ki, bizə qarşı hücumun qaynağı kimdir? Çox təəssüf ki, Gülən bu gün bizi sapı özümüzdən olan baltalarla vurur. Məni yandıran odur ki, Gülən artıq Azərbaycanda istəyinə qismən də olsa nail olub və ruhunu ona təslim edən nəsili yetişdirməyi bacarıb. Bu hücumlarla isə sadəcə Azərbaycan mediasını deyil, türk mediasını da susdurmağı bacaran güclər 8 ildən bəri susdura bilmədikləri Aqil Ələsgərə mesaj verirlər. Mesaj bundan ibarətdir ki, bu gün saytını çökdürdük, sabah səni əbədi olaraq susdurarıq. Hazırda bu yöndə üstüörtülü və “dostyana” təhdidləri hər gün alıram. Açığı deyim ki, artıq təhdidlərlə yaşamağa alışmışam”.