Aqil Ələsgərlə diasporadan Fətulla Gülənə qədər – I hissə – PİA.AZ
«Türkiyə dövlət olaraq heç bir zaman Fətullah Gülənin tərəfində durmadı. Gülən hər zaman siyasi hakimiyyətlərlə olan kirli ittifaqlarla özünü qorudu»
Hardasa bir ildən artıqdır ki, Türkiyədə fətullahçılarla, konkret olaraq hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülən və onun camaatı ilə türk dövləti arasında mübarizə davam edir. Fətullah Gülən faktiki olaraq Türkiyə prezidenti Ərdoğan və hakimiyyətdə olan AKP tərəfindən dövlət içində paralel dövlət qurmaqda ittiham olunur və bu ölkədə davamlı olaraq səsküylü və qalmaqallı həbslər həyata keçirilir. Eyni mövzu Azərbaycan mediasında da tez-tez işıqlandırılır və fətullahçıların fəaliyyətindən geniş bəhs edilir. Düzdür, bəzi Gülən müridi olduğu iddia edilən şəxslər vəzifələrindən uzaqlaşdırılsalar da, Fətullah Gülən və camaatı uzun zamandır əsas mövzu olaraq qalmaqdadır.
Azərbaycan mətbuatında Gülənçilərə qarşı aparılan kampaniyanın başında demək olar ki, Yenicag.az portalı və bu portalın baş redaktoru Aqil Ələsgər yer alır. PİA.AZ-ın əməkdaşı bu məsələlərlə bağlı baş redaktor söhbət edib və Aqil Ələsgər bir çox məsələrlə bağlı əməkdaşımızın suallarını cavablandırıb.
«Bu gün Türkiyədə erməni lobbisi çox güclüdür»
– Aqil müəllim, siz tez-tez Türkiyəyə və İstanbula səfərlər edirsiniz. Bu səfərlərin səbəbi nədir?
– Bizim Türkiyəyə və İstanbula səfərlərimizin əsas məqsədi bir qayda olaraq diaspor fəaliyyətimizlə bağlı olur. Artıq 7-8 ildir ki, “Xocalını unutma və unutdurma” şüarı ilə hər il İstanbulda və Türkiyənin müxtəlif şəhərlərində tədbirlərdə iştirak edirik və bu kimi tədbirlərə təşkilatçılıq edirik. Yəni bu tədbirlər demək olar ki, il boyu davam edir. Fevralın 21-də (müsahibə Aqil Ələsgər səfərə getmədən götürülüb-red.) İstanbulda Xocalıyla bağlı böyük bir simpoziyum həyata keçiriləcək. Deyə bilərəm ki, iştirakçı və iştirakçıların səviyyəsi baxımından Türkiyədə bu vaxta qədər keçirilmiş ən böyük tədbirlərdən biridir. Türkiyənin dövlət nümayəndələri, millət vəkilləri ilə yanaşı Azərbaycanın ictimai xadimləri, millət vəkilləri, Xocalıda olan şahidlər tədbirdə iştirak edəcəklər. Bir gün davam edəcək simpozium həm də elmi-praktiki xarakter daşıyır. Burada elm adamları da Qarabağ, Xocalı, Türkiyə-Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcəklər.
İndiyə qədər Azərbaycanın Türkiyədə keçirdiyi tədbirlərin əksəriyyəti milliyətçi və MHP kökənli qanadla daha çox gedib. Yəni həm Ak Parti, həm də digər partiyalarla bu məsələdə ortaq tədbirlərə çox az rast gəlinir. Ona görə də bu tədbirin keçirilməsinin müsbət tərəflərindən biri də odur ki, Türkiyədə çox ciddi mühafizəkar kütləni təmsil edən İHH (İnsan Haqqları Vəqfi) tədbirin təşkilatçısıdır. İHH-nın Xocalı simpoziumu mühafizəkar kəsimi bu prossesə cəlb etmək üçün çox ciddi mesajdır Bu isə çox mühümdür və Xocalı Soyqırımının Türkiyədə tanıtımında İHH-nın bizim yanımızda olması çox vacibdir. Bülent Yıldırım və onun yaxın dostu, bu işin təşəbbüsçülərindən olan Hüseyin Büyükfıratın bu məsələdəki mövqeyi Azərbaycana mühafizəkar kəsimdə çox ciddi dəstək qazandıracaqdır. Biz keçən İHH ilə ciddi şəkildə Xocalı ilə bağlı işə başladıq. İlk iş olaraq jurnal şəklində “Xocalı Soyqırımının 22-ci il dönümü” hesabatını hazırladıq. Bu Xocalı hesabatı dərc olundu və İHH-nın şöbəsi olan yerlərdə yayıldı. Bu il isə Xocalıyla bağlı beynəlxalq simpozuyum keçiriləcək. Bu kimi tədbirlərin sadəcə Türkiyədə deyil, İHH xəttiylə Ərəb ölkələrində, Avropada və İHH-nın olduğu digər yerlərdə də keçirilməsi üçün çalışırıq.
«Bu gün Türkiyə mediasında demək olar ki, bizim səsimiz yoxdur, amma ermənilərin səsi var»
– Türkiyədəki diaspor təşkilatlarının Xocalı soyqırımı ilə bağlı fəaliyyətini necə dəyərləndirirsiniz?
– Azərbaycanın 10-15 illik tarixi olan diaspor komitəsi var. Qarşımızda isə yüz ildən bəri erməni məsələsini gündəmdə saxlayan, terrora əl atmaqdan, öldürməkdən çəkinmədən, amma bunlara baxmayaraq çox ciddi şəkildə özünün təbliğatını quran güclü erməni diasporu var. Çox təəssüf ki, bunların qarşısında Türkiyə bizdən daha geridədir. Çünki Türkiyənin onlara qarşı konkret mübarizə aparacaq və erməni “soyqırım”ının olmadığını anladan diaspora nazirliyi yoxdur. Azərbaycanda ulu öndər Heydər Əliyevin təşşəbüsü ilə Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı və bu gün Komitənin fəaliyyətini nə qədər tənqid etsək də, etiraf etməliyik ki, bu qısa müddətdə Diaspora Komitəsinin fəaliyyəti təqdirəlayiqdir.
Bu gün Türkiyədə erməni lobbisi çox güclüdür. Üniversitetlərdə, mediada, ictimai xadimlər arasında bunu görmək olar. Məsələn, aprel ayında Antalya Universitetində “Ermənistan-Türkiyə qədim dostluğu” adı altında böyük konfrans keçiriləcək. İnanmıram ki, çox adamın bu konfrans barədə məlumatı olsun. Bu gün Türkiyə mediasında demək olar ki, bizim səsimiz yoxdur, amma ermənilərin səsi var. Bu işlər üzərində çox ciddi işlənilməlidir, amma işlənilmir. Daha doğrusu hər şeyi dövlətdən gözləməyin əleyhinəyəm. Dövlət öz üzərinə düşən vəzifəni onsuz da edir, QHT-lər, ziyalılar, tələbələr bu məsələdə çox ciddi çalışmalıdırlar.
-Bəs bu mövzuda hansı işlər görülürmü?
-Bu işdə kompleks tədbirlər görülməlidir. Sistematik fəaliyyət göstərilməlidir. Məsələn biz Xocalıyla bağlı simpozuyumu fevralın 21-nə ona görə seçdik ki, həmin vaxtda İstanbulda tədbirlər olmayacaqdı. Digər QHT və bu sahədə çalışanlarda planlı şəkildə işləməlidirlər. İstanbul Bakı deyil. Düşünün ki, iki tədbir var biri İstanbuldun Asiya tərəfində, digəri isə Avropa tərəfdədir. İstanbulun bu başından o biri başına gedəndə axşam düşür. Vaxtı elə təyin etmək lazımdır ki, tədbir iştirakçıları gələ bilsinlər. Deyək ki, 10 günlük Xocalı həftəliyi varsa, bu günlərə paylanmalıdır. Eyni zamanda diaspora təşkilatlarımız bir-biriylə yola getməlidir. Çünki əksər diaspora təşkilatlarımız arasında qısqanclıq, çəkişmələr var. Azərbaycan naminə bu cür halları biraz kənara qoymaqları lazımdır.
«Biz şirkət və şirkətin rəhbəri haqda heç nə yazmamışıq»
– Sizin hazırda fətullahçılarla bağlı yazdığınız yazılarla bağlı məhkəmə prossesiniz var. Məhkəmə prosesiniz necə gedir?
– Məhkəmə prosesi uzana-uzana gedir. Qarşı tərəfin bizi hansı məsələdə ittiham etdiklərinə dair ilk iddianamə var amma sonra iddianaməni böyütdülər, yeni vəsatət verdilər. Məhkəmə prosesində əvvəlcə iki yazımızı əlavə etmişdilər. Sonra bütün yazılarımızı əlavə etdilər. Lakin hansı cümləmizə etirazları var onu bildirməmişdilər. Söz verildi ki, o məsələ həllini tapacaq. Düzü onları da anlayıram. Çünki təxminən 1 kitab qədər yazını araşdırmaq var və bu qədər yazını araşdırmaları vaxt tələb edir. Matrın 4-də növbəti məhkəmə prosesi olacaq. Əslində barışıq üçün əlimizdən gələni etdik. Bildirdik ki, cavab haqqınızı verin, biz bunu dəyərləndirək. Ancaq qarşı tərəf iddia edir ki, biz neft şirkətinin hüquqlarını pozmuşuq. Lakin hər zaman dediyim kimi, neft şirkəti dövlət şirkətidir. Biz sadəcə neft şirkətinin daxilindəki Fətullah Gülən şəbəkəsiylə bağlı olan insanların adını çəkmişik. Biz şirkət və şirkətin rəhbəri haqda heçnə yazmamışıq. SOCAR-la bağlı bizim saytımızda xəbər yönlü yüzlərlə məqalələr gedib. Bu qədər yaxşılığımızı görməyib, onların görmədiklərini göstərib gözlərini açdığımız halda bizi məhkəməyə veriblər və 2 milyon manat istəyirlər.
«Əslində biz sübüt etdik ki, onlar islamı yaymırlar. ABŞ-ın, İsrailin, İngiltərənin, Vatikanın misyoner fəaliyyətini islam adı altında insanları yoldan çıxarırlar»
– Sizin fətullahçılarla ilk qovğanız hansı səbəblərdən başlayıb?
Belə deyək, Türkiyədə belə bir söz var, deyirlər ki camaat ilayiyyatçıları sevmir, ilahiyyatçılar da camaatı. Yəni hec bir camaat, dini qurumlar dövlət və yaxud özəl universitetlərdə oxuyan ilahiyyatçıları heç vaxt sevmirlər. Bunun da səbəblərindən biri ilahiyyatçıların məsələləri daha çox teorik şəkildə öyrənmələri və bunların “şeyx uçmaz, mürid uçurur” prinsipini qəbul etməməsidir.
– Yəni univertetlərdən çıxan ilahiyyatçılar dinə elmi baxış ortaya qoyurlar.
– Bəli, elmi baxış olduğu üçün camaat liderləri onlara qarşı çıxır. Yəni camaat liderləri daha çox mövhumat, cəhalət üzərindən insanlara təsir etdikləri üçün, yuxularla və nağıllarla danışdıqları üçün deyirdilər ki, ilahiyyatçılar bu cür ideaları qəbul etmirlər. Hələ 60-cı, 70-ci illərdən başlayraq, Türkiyədə camaat liderlərinin ən çox üzərinə gedildiyi qruplar ilahiyyatçılar olublar. Bununla bağlı da bizim ilk tanışlığımız, qarşıdurmamız da başlayıb. Fətullahçılarla və digər camaatlarla tanışıqlığımız və ilk mübahisələrimiz də universitet illərinə dayanmaqdadır. Sonradan Bakıda fətullahçıların geniş şəbəkələrini araşdırmağa başladım. Hələ 2007-ci ildən etibarən də Fətullah Gülənin iç üzünü, şəbəkəsini açmağa çalışan da Azərbaycanda ilk biz olduq. Demək olar ki bu haqda Türkiyədə belə heç bir yazı yox idi. Sadəcə olaraq bəzi insanlar yazırdılar ki, tutaq ki, Nəcib Hablemitoğlu, Elgün Poyraz yazırdı. Onlara da solçular adını qoymuşdular və ilk mənim yazmağımın bunlara təsir edən cəhəti, mənim ilahiyyatçı olaraq yazmağım idi.
Mənimlə dialoqlarında da, narahat olduqları məqamlar, müsəlmanların içindən çıxıb bu cür yazmağım idi. Əslində biz sübüt etdik ki, onlar islamı yaymırlar. ABŞ-ın, İsrailin, İngiltərənin vatikanın misyoner fəaliyyətini islam adı altında insanları yoldan çıxarırlar.
«Fətullah Gülən hər zaman İqtidarın, yəni güclünün yanında olub»
-Əgər Ərdoğanla Fətullah Gülən arasında qarşıdurmalar, parçalanmalar baş verməsəydi, o zaman dünyada Gülən camaatı məsəsləsi bu qədər önəmli olardımı?
– Belə deyək Fətullah Gülən şəbəkəsini əslində iki yerə ayırmaq lazımdı. Birinci Fətullah Gülənə bağlı camaat var, birdə bunların içində xüsusi seçilmiş Fətullah Gülənin və Fətulla Güləni yönləndirən insasnların içindən seçdiyi insanlar var ki, onlar şəbəkədirlər. Şəbəkənin məqsədi nə olursa olsun dövlət orqanlarını ələ keçirməkdi. Gülənin öz sözüylə desək, «siz nə olursa olsun addımlayacaqsınız, dayanmayacaqsınız, dövlətin ən kiçik damarında belə elə hərəkət edəcəksiniz ki, sizin mövcudluğunuz hiss olunmayacaqdır».
1990-cı illərdən etibarən Fətullah Güllənin fəaliyyəti ilə bağlı çıxan həm orduda, həm də kəşfiyyatda, nurçuların xaricdən idarə olunan bir şəbəkə olduğuna dair ilkin məlumatlar var idi və Fətullah Gülənin nə sağçı, nə də solçu olduğunu deyirdilər. Ona türklər «konjektorun adamı» deyirlər, yəni günün adamıdır. Dünən AK partiyalıydı bu gün CHP-dir, o gün DSP-di, ondan qabaq Doğru Yolda idilər.
«Nurçular 90-cı illərdə öz məktəblərinə savadlı kasıb insanları yığırdı, amma 2000-ci ildən başlayaraq varlı uşaqlarını toplamağa başladılar. Niyə?»
– Yəni iddia edirsiniz Fətullah Gülən və tərfdarları hər zaman dağıdıcı bir funksiya daşıyıb?
– Fətullah Gülən hər zaman iqtidarın yəni güclünün yanında olub. 1980-ci illər də hərbi çevrilişlər zamanı bütün dini camaatlar tutulduğu zaman, Fətullah Gülən ortada gəzirdi və hətta haqqında cinayət işi açıldığı halda, bu adam özü haqqında yazılan kitablarda bildirirdi ki, gizlənmir və açıq şəraitdə yaşayır.
Gələk 1990-cı illərə, Gülən əgər sağçıydısa, normal halda bu adam Ərbəkanı dəstəkləməsi lazım idi. Amma 28 fervral hərbi çevrilişində, Gülən çevrilişi edən Çevik Biri dəstəklədi. Bundan sonra o, Türkiyyədən ABŞ-a getdi və orda yaşıl kart almağa çalışdı. Yaşıl kartı almasında isə ona FTB, yəni ABŞ-ın daxili işlər orqanları mane oldu. Amma Gülənin yaşıl kart alması üçün refaransları CİA-nın sabiq İstanbul və Orta Şərq Masası başqanı Graham Fuller və Paul Henze verdi. Əslində onun əvvəlki fəaliyyəti ilə sonrakı fəaliyyəti arasındakı əsas dönəm də, onun ABŞ-a ilk getdiyi dönəmdən sonra burda dəyişiklik olmağa başladı. Ya da tam mahiyyət ondan sonra üzə çıxmağa başladı.
Ən birinci dəyişiklik Azərbaycanda daxil olmaqla təhsil müəssisələrindən başlayır. İlk əvvəllər Güləninin məktəblərində təhsil haqqı həddindən aşağı idi. Nurçular Azərbaycanda 90-cı illərin əvvələrində yaxşı təhsil almaq istəyən, savadlı, amma pulu olmayan insanları ətraflarına yığdılar. Amma 2000-ci illərdən etibarən, yəni Gülənin ABŞ-dakı dönəmindən sonrasına diqqət edəndə görürük ki, nurçuların məktəblərində qiymətlər fantastik dərəcədə qaldırıidi. Niyə? Çünki, artıq Fətullah Gülənə aşağıdakılar yox yuxarıdakılar lazım idi. Belə demək mümkünsə, Azərbaycanda nazirlər, deputatlar, güclü pulları olan insanlar lazim idi ki, onlarla əlaqə qursunlar. Bu mərhələdən sonra artıq onlara kasib uşaqlar lazım deyildi, yəni Azərbaycan şərtlərini bilir ki, bu uşaq savadlı olsa da, harasa, hansısa dövlət vəzifəsinə yüksəlməsi, hansısa varlının balasının yüksəlişindən eyni deyil. Kasıb uşaq bizim kimi cirmaqlıyacaq, amma varlı uşaq yüksələcək. İndi vəziyyət elədi ki, heç bir kassıb uşağı Gülən məktəblərində təhsil ala bilməz. Çünki qiymətlər bunun üçün müsaid deyil. Onlar da bu şərtləri nəzərə alaraq başladılar varlılara bu şəkildə üstnlük verməyə. Niyə? Çünki Fətullah Gülənin məqsədi özünün qızıl nəsil dediyi bir nəsil yetişdirmək və bu nəslin hakimiyyətini təmin etmək idi. Bunun üçün Fətullah Gülən CHP, DSP ilə də belə desək hər kəslə ortaqlığa getdi və Ərdoğanın sayəsində bunlar o qədər gücləndilər ki, artıq dövləti özlərinin idarə etdiyinə o qədər inandılar. Həqiqətədə də belə idi. Onlar bir ölkənin baş naziri olduğu halda Ərdoğan haqında dönəmin baş naziri yazırdılar və Ərdoğanı istədikləri vaxta devirəcəklərinə inanırdılar. Amma Ərdoğanın qətiyyəti və bunların bu boyda oyununun qarşısında sözün həqiqi mənasında dirənməklə bu oyun pozuldu. Bunlar gözləyirdilər ki, Ərdoğan seçkilərdə uduzacaq, amma seçkini itirdilər. Prezident seçkilərini gözlədilər və yenə də məğlub oldular.
Əslində bu gün camaat əvvələr üzərində durduğu prinsiplərin tamamilə əleyhinə gedir.
Bu günlərdə Ərdoğanla Gülən arasında o parçalanma olmasaydı bu məsələ gündəmə gələ bilərdimi? Yəni Türkiyə gündəmi bu şəkildə zəbt edə bilərdimi?
Bu şəkildə olmayacaqdı amma mütləq şəkildə bu gündə olmasaydi 2-3 ildən sonra olacağı mümkünüydü. Çünki dövlət Fətulla Güləninin xəyanət içində olduğunu bilirdi. Mən Əbülfəz Elçibəydən bir misal gətirmək istəyirəm. Əbülfəz Elçibəy Faruk Aslana, yəni Gülənin Azərbaycana göndərdiyi ilk adamlardan birinə özünün dediyi sözü deyirəm. Deyir ki, «mənim dostlarım Turqut Özal, Dəmirəl sizinlə bağlı mənə məktub göndərib ki, sizi qəbul edim, amma Türkiyə dövləti içindən sizin türk dünyasına xəyanət etdiyinizi deyirlər».
Yəni, Türkiyə dövlət olaraq heç bir zaman Fətullah Gülənin tərəfində durmadı. Gülən hər zaman siyasi hakimiyyətlərlə olan kirli ittifaqlarla birləşdi və gücləndi. Əminəm ki, Ərdoğan dövlətin başına gələndən sonra bu məsələlər olacaqdı. Sadəcə olaraq Fətullah Gülənin tələsməsi və Ərdoğanı devirmək istəməsi prosesi gücləndiridi və ilk dəfə olaraq siyasi hakimmiyətlə Gülən qarşı-qarşıya gəldi. Bu vaxta qədər isə Gülən həmişə güclünün yanında idi.
– Bəs nə üçün Gülən Ərdoğanı devirmək istəyirdi?
Ardı 2-ci hissədə…