“PKK-nın bu addımı tam bir terror intriqasıdır və təşkilatın gizlətməyə çalışdığı məqsəd Suriya qolu YPG/PYD-ni PKK-dan ayrı göstərərək, bölgədə dövlət qurmaq planını tamamlamaqdır.
Bunu Yenicag.az-la söhbətində türkiyəli təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar deyib.
Mütəxəssis PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın ötən gün qruplaşmaya silah buraxmaq barəsində etdiyi çağırışın pərdəarxası məqamlarına toxunub.
A. Ağar qeyd edib ki, bu prosesin əsas hədəfi, silah buraxmaq və demokratik hüquqlar uğrunda mübarizə görüntüsü yaratmaqla Türkiyə dövlətinin əsaslarını sarsıtmaq və uzun müddətdə onu parçalamaqdır. Onun sözlərinə görə, terror təşkilatı tarixi bir fürsəti boşa vermiş, ən zəif anında belə maksimalist məqsədlər ardınca gedərək, onu idarə edən qüvvələrin əlində bir vasitəyə çevrilmişdir.
Ekspert vurğulayıb ki, PKK-nın bu yeni planı açıq şəkildə Suriya ərazisində dövlət qurmağa yönəlib. O, təşkilatın Suriyadakı liderlərindən biri Mazlum Abdinin “Öcalanın çağırışı PKK ilə bağlıdır və Suriya qruplarını əhatə etmir” sözlərini xatırladaraq, bu bəyanatın YPG/PKK/PYD-nin silah buraxmaq niyyətində olmadığını göstərdiyini bildirib.
Ekspert həmçinin terror təşkilatının çağırışının beş fərqli bölgəyə və iki fərqli güc mərkəzinə təsir edəcəyini də vurğulayıb. O, xüsusilə bu çağırışa veriləcək reaksiyaların aşağıdakı məqamlardan asılı olacağını qeyd edib:
“İraqın şimalında Kandil mərkəzli PKK qüvvələri – PKK-nın Qara, Kandil, Asos, Sincar, Mahmur və digər bölgələrdəki mövcudluğu necə reaksiya verəcək? Suriyadakı YPG/PYD/AANES – Bu qruplar necə bir mövqe tutacaq? Avropadakı PKK strukturları – Onların reaksiyası necə olacaq? İranın dəstəklədiyi PJAK/YRK – İran PKK-sı bu çağırışa necə yanaşacaq və Türkiyədə PKK ilə əlaqəli qruplar – Onların reaksiyası necə olacaq?”
Bundan əlavə, A. Ağar vurğulayıb ki, PKK-nın bağlı olduğu İran-Rusiya və ABŞ-Aİ-İsrail blokları bu çağırışa hansı mövqedən yanaşacağı sual altındadır:
“Xüsusilə ABŞ-nin bu prosesdəki rolu mühüm əhəmiyyət daşıyır.PKK-nın bu çağırışı qlobal və regional güclərlə koordinasiya edilibmi, yoxsa onlardan asılı olmadan verilib? Təşkilat bu qərarı kiminlə müzakirə edib və hansı plan çərçivəsində həyata keçirməyə çalışır?”
Ekspert əlavə edib ki, çağırışın test ediləcəyi əsas məqam YPG/PYD/AANES-in Suriyanın ərazi bütövlüyünə hörmət edib-etməyəcəyidir:
“Suriya rejiminə şərtsiz olaraq şimal və şərqi Suriya ərazilərini, strateji obyektləri, enerji mənbələrini, silahları və həbsxanalardakı İŞİD məhbuslarını təhvil verəcəklərmi? Əsl məsələ burada həll olunacaq”.
O həmçinin İrandan asılı olan Kandil və ABŞ-nin nəzarətində olan YPG/PYD qüvvələrinin bu çağırışa necə yanaşacağını mühüm bir sual kimi irəli sürüb. Bundan başqa, çağırışın 7 oktyabrdan sonra formalaşan yeni Yaxın Şərq təhlükəsizlik arxitekturasının bir parçası olub-olmadığını da sorğulayıb.
Sonda mütəxəssis bildirib ki, bu prosesin nəticəsini yalnız PKK törəmələrinin sahədəki reaksiyalarına baxaraq düzgün dəyərləndirmək mümkündür. Lakin burada da müəyyən aldadıcı elementlər və manipulyasiya cəhdləri ola bilər.
Rafi Müslümov