“Bundan sonra Türkiyə və onun qonaqlarına qarşı yönələn istənilən təhdidə artıqlaması ilə cavab veriləcək. İŞİD terror təşkilatı Türkiyənin sərhədlərindən tamamilə ayrılana qədər, İslamın adına ləkə gətirən bütün fəaliyyətlərinə son qoyulana qədər mübarizəmizi qətiyyətli şəkildə davam etdirəcəyik”.
Bu barədə Türkiyənin baş nazir Əhməd Davudoğlu Çankaya köşkündə səfirlərlə görüşündə bildirib. Ə. Davudoğlu deyib ki, son 48 saat ərzində Türkiyə Silahlı Qüvvələrinin apardığı əməliyyatlar nəticəsində 200-ə yaxın İŞİD üzvü zərərsizləşdirilib. “Suriya və İraq kimi nümunələri görüb, Türkiyənin də oxşar vəziyyətə düşməsini istəyən şəxslərə qarşı Türkiyə Respublikasının baş naziri olaraq mübarizə aparacağam. Gələcək nəsillərə parçalanmış, müxtəlif terrorçu qrupların siyasi iradələrini tətbiq etdikləri bir ölkəni miras buraxmamaq üçün son nəfəsimə qədər mübarizə apararam” – deyə, baş nazir əlavə edib.