5 nəfərin öldüyü qəza ilə bağlı ŞOK FAKTLAR – Sərxoşluq, qohumluq…

Dekabrın 1-də, gecə saatlarında Şəmkir rayonunda “Mitsubishi Pajero” və “VAZ-21011” markalı avtomobillərin iştirakı ilə faciəvi yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər dünyasını dəyişib.Aparılan araşdırmalar nəticəsində həmin qəzanın bəzi detalları açıqlanıb.

Yenicag.az xəbər verir ki, “Mitsubishi” markalı avtomobilin sürücüsü 1983-cü il təvəllüdlü Abdıyev Tural Aydın oğlu toydan çıxaraq taksi ilə evinə gedib. Evə çatdıqdan sonra özünə məxsus avtomobilə əyləşərək siqaret almaq üçün marketə gedib. Sərxoş vəziyyətdə olduğu üçün yolda idarəetməni itirərək “VAZ-21011” markalı avtomobillə toqquşub və qəza nəticəsində “VAZ”da olan sürücü və onun ailə üzvləri dünyasını dəyişib. Qəzanı törədən sürücü barəsində isə cinayət işi açılaraq həbs edilib.

“VAZ” markalı avtomobildəki sürücü və ailəsi, eləcə də qəza törədən sərxoş sürücü eyni toy məclisində olublar. Verilən məlumata görə “VAZ” markalı avtomobilin sürücüsü sərxoş sürücünün yeznəsinin qardaşı, ölənlərdən biri isə elə öz yeznəsi olub.

Bu hadisə son günlərin vacib və aktual məsələsini gündəmə gətirib. Belə ki, ilin son aylarında toy mərasimlərinin tez-tez keçirilməsi səbəbindən sərxoş sürücülərin iştirakı ilə baş verən yol qəzalarının sayının artması müşahidə olunur. Lakin nədənsə sərxoş sürücülərin qəza törətməmiş vaxtında aşkarlanması üçün Dövlət Yol Polisi əməkdaşlarının restoranların, kafelərin, şadlıq saraylarının və digər istirahət obyektlərinin yaxınlığında nəzarəti gücləndirərək reydlər keçirməsi bəzi insanların narazılığına səbəb olur və ictimai qınaq lazımi istiqamətə yönəldilmir. Yəni bəzi şəxslər sosial şəbəkələrdə qaraguruh salaraq bu təhlükəsizlik tədbirlərini əhalinin incidilməsi kimi qələmə verməklə, bəlkə də özləri də bilmədən sürücülərin sərxoş vəziyyətdə avtomobil idarə etmələrinə şərait yaratmış olurlar.

Yol polisi isə hesab edir ki, vətəndaşlar da bu məsələyə düşünülmüş şəkildə yanaşmalı, sürücülərin sükan arxasına sərxoş vəziyyətdə əyləşməsinə yol verməməli, bu işdə aktivlik göstərməli, lazım gələrsə sərxoş sürücülər barədə polisə məlumat verməlidir:

“Heç kim istəməz ki, yaxını, tanışı içkili halda maşın sürüb faciə törətsin.Ona görə də, vətəndaşlar özləri bu cür insanları sükan arxasına keçməkdən çəkindirməli, nəyin bahasına olursa olsun həmin şəxslərin avtomobil idarə etməsinə imkan verməməlidirlər. Çünki sərxoş sürücünün ani bir diqqətsizliyi faciəvi hadisəyə yol aça bilir.

Maraqlısı odur ki, bu qəzanın səbəbkarı olan sürücü sərxoş vəziyyətdə evdən çıxarkən ailə üzvləri tərəfindən ona “dur” deyən olmamasıdır.Bu cür hallarda sürücünün yaxınları ona sərxoş olduğunu bildirməli və avtomobili idarə etməkdən yayındırmalıdırlar. Sürücü buna məhəl qoymazsa dərhal polisə məlumat vermək lazımdır. Qoy polis onu saxlayıb 400-500 manat cərimə etsin, amma yol qəzası törədib kiminsə ailəsinə faciə yaşatmasın.Bizdə bəzən polisə məlumat verən şəxslərin hərəkəti normal qəbul olunmur. Lakin sonu bu cür faciə ilə bitən hadisələrin baş verdiyini görəndə yəqin ki, hər bir kəs, o cümlədən Tural Abdıyevin doğmaları da fikirləşir ki, kaş ki…

Amma bu “kaş ki”lərin vaxtında edilməməsi və sürücünün məsuliyyətsizliyi 5 insanın dünyasını dəyişməsinə, özünün dəmir barmaqlıqlar arasında cəza, ömrünün sonuna qədər isə vicdan əzabı çəkməsinə gətirib çıxardı”./Avtosfer.az/

COP29