5 rayonda meşələrdə kameralar quraşdırıldı

Azərbaycanda artıq pilot layihə olaraq 5 rayonda – Şəki, Zaqatala, Oğuz, Qax, Qəbələ rayonlarında meşələrdə müşahidə kameraları quraşdırılıb. Bu iş növbəti ildə də davam etdiriləcək.

Yenicag.az-ın məlumatına görə, bunu “Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər” mövzusunda QHT və media nümayəndələri ilə keçirilən dialoqda çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

F.Əliyevin sözlərinə görə, kameraların hədəfi 1650 metrlik məsafədir və bu məsafədəki obyektləri aydın görmək mümkün olur:

“Kameralar daha çox insan müdaxiləsinin olduğu ərazilərdə quraşdırılıb. 5 kamera 20 min hektar ərazini əhatə edir, əsasən giriş-çıxışı nəzarətdə saxlayır. Kameralar bizə yanğın hadisələri barədə də qısa zamanda məlumat almağa yardım edəcək. Kameralar Günəş batareyası ilə, onlayn qaydada, 24 saat ərzində fəaliyyət göstərir”.

F.Əliyev qeyd edib ki, Azərbaycanda meşələrin 85 faizi dağlıq, 15 faizi Aran rayonlarında yerləşir.

Azərbaycanda ekologiyanın qorunmasına xüsusi diqqət yetirildiyini deyən nazir müavini bildirib ki, bu il yalnız payız mövsümündə 1 milyona yaxın ağac əkilib.

COP29