5 yaşlı İnterpress.az

Bu gün “İnterpress media group”un fəaliyyətə başlamasından 5 il ötür.

Yenicag.az xəbər verir ki, Azərbaycan dilində fəaliyyət göstərən interpress.az ötən 5 il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

Saytın baş redaktoru Toğrul Allahverdilinin sözlərinə görə, rəhbərlik etdiyi media qurumu Azərbaycan mətbuatında öz yerini tuta bilib:

“Sayt 2013-cü ildə Azərbaycan-Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlının xeyir-duası ilə yaradılıb. Fəaliyyətimiz dövründə çalışmışıq ki, bizə xeyir-dua verən, dəstək olan insanları peşman etməyək, onların etimadını doğruldaq.

5 il ərzində çox işlər görmüşük. Ancaq bununla kifayətlənə bilmərik. Çalışacağıq ki, sürətlə inkişaf edən media məkanında daimiliyimizi saxlayaq, dövlətimizin, millətimizin yanında olaq”.

“Yeni Çağ” Media Qrupu İnterpress.az saytının kollektivini təbrik edir, onlara yaradıcılıq uğurları və geniş oxucu kütləsi arzulayır.