Deyəsən, “Neftçi” rəhbərliyi 50 manata satdığı biletlərin puluyla don alıb. Bu don da onlara uğursuzluğa geyindirmək üçün lazım imiş…
Nəvəsi olmayan qayınana günahı oğlunda yox, gəlininin “vospalenie”sində gördüyü kimi, “Neftçi”nin idman direktoru Ceyhun Sultanov da uğursuzluğun səbəbini büdcə ilə bağlıyır.
“Xəzər TV”nin “Futbol saatı” verilişində qonaq olan klub rəsmisi həmkarım Sənan Abdullayev qarşısında aciz qalıb. Aparıcının kəskin və iti sualları nəticəsində özünü itirən Sultanov ağlına gələni yox, ağzına gələni danışıb.
Bir vaxtlar ekspert kimi çıxış etdiyi verilişdə “Qəbələ” niyə bu büdcə ilə çempion olmur? Qriqorçuk məşqçi deyil” kimi fikirlər səsləndirən Sultanovun özünə bu dəfə oxşar suallar ünvanlanıb.
O isə cavabında “Neftçi”nin hazırkı büdcəsini – 12 milyonu çempionluq üçün yetərli saymadığını bildirib. Qeyd edib ki, bu büdcə ilə ikincilik pis nəticə deyil. Futbolçuların keyfiyyətinin aşağı olduğunu bildirib və israrla sual edib: “Neftçi” nəyə görə çempion olmalıydı ki?”
Belə yerdə Ceyhun Sultanova 2015/2016 mövsümündə Premyer Liqada debüt edən və 2 milyon manat civarında büdcə ilə gümüş medal qazanan “Zirə”nin emblemindəki qartalın dimdiyini xatırlatmaq lazımdır.
Bir də ki, hər şey pulla, büdcə ilə ölçülürsə, son bir neçə ildə transfer etməyən “Tottenhem”in Çempionlar Liqasının finalında nə işi var? Məgər Poçettinonun komandasının büdcəsi “Barselona”, “Real”, “Yuventus”, “Mançester Yunayted”dən çoxdur?
Və yaxud Sultanov üçün daha bir xatırlatma: “Qarabağ”ın məhdud büdcə ilə Çempionlar Liqasının qrupunda nə işi var idi? Məgər, “Atletiko”, “Çelsi”, “Roma”nın büdcəsi ağdamlılarla eyni səviyyədə idi?
Hər halda futboldan anlayışı olan hər kəs çox yaxşı başa düşür ki, klub rəsmisinin bu açıqlaması bəhanədən başqa bir şey deyil. Sultanovun açıqlamalarına qulaq asıb, yaxşı “Sərsəmnamə” əsəri yazmaq olardı. Lakin məsələni çox uzadıb, oxucuları yormaq istəmirəm.
Sonda “Neftçi” rəhbərliyi üçün daha bir xatırlatma edib, bununla da bizə ayrılan vaxtın sona çatdığını elan etmək istəyirəm: “Neftçi” “Qarabağ”dan 5 xal öndə olduğu halda, özündən büdcə baxımından qat-qat aşağı olan klublarla oyunda 11 xal itirib və bu da çempionluğun əldən getməsi üçün yetərli olub.
İndi isə uzunmüddətli reklam fasiləsinə ayrılırıq: Çünki yeni mövsümə qədər “Neftçi” rəhbərliyinin 50 manata satdığı biletlərin pulları ilə aldığı don nümayiş etdiriləcək…
EMİN SƏFƏROV