500-dən çox şagirdin gender bərabərliyi mövzusunda məlumatlılığı artırıldı – FOTOLAR

Bakı, Lənkəran və Gəncə şəhərlərinin orta ümumtəhsil məktəblərindən 500-dən çox şagirdin qatıldığı maarifləndirici tədbirlərdə məqsəd müəllim və şagirdlərin gender bərabərliyi mövzusunda məlumatlılığının artırılması, təhsil mühitində gender stereotiplərinin aradan qaldırılmasıdır.

Maarifləndirmə tədbirləri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Genderə həssas məktəblərin təşviqi” layihəsi əsasında təşkil edilib.

Maarifləndirmə tədbirləri zamanı “Məktəb mühitində gender əsaslı stereotiplər” mövzusunda sosial teatr təlimlərinə qatılan şagirdlər əldə etdikləri bilik və təcrübə əsasında tamaşa hazırlamış, rəsm vasitəsilə gender bərabərliyinə əsaslanan məktəb mühitini göstərməyə çalışdıqları “Gender bərabərliyi şagirdlərin gözü ilə” rəsm müsabiqəsidə iştirak etmişlər. Hər məktəb üzrə rəsm və ideya əsasında fərqlənən 3 şagird qalib seçilmiş və onlara hədiyyələr təqdim olunmuşdur.

Həmçinin qeyri-ənənəvi peşədə uğur qazanmış, Niderlandın Leyden Universitetinin Kompüter Elmləri İnstitutunun magistrantı, süni zəka üzrə tədqiqatçı Maral Qurbanzadənin 12-17 yaşlı şagirdlərlə “Öz peşəni özün seç!” mövzusunda motivasiya görüşləri təşkil edilmişdir. Ali təhsil və peşə seçimi ilə bağlı mövcud zərərli gender stereotiplərinin aradan qaldırılmasına yönəlmiş bu görüş gələcəkdə düzgün və öz maraq dairələrinə uyğun ixtisas seçimidə şagirdlərə əlavə motivasiya olmuşdur.

Maarifləndirmə tədbirləri çərçivəsində peşəkar sahədə mövcud gender stereotiplərini aradan qaldırmaq məqsədilə Azərbaycanda elm, təhsil, mədəniyyət, incəsənət, iqtisadiyyat sahələrində uğur qazanmış qadınların fotolarından ibarət sərgi də nümayiş olunub.