5400-ə yaxın şəxs toylara buraxılmadı – Cinayət işi açıldı

Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri avqustun 7-8-də Bakı şəhərində və ölkə ərazisində 653 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, monitorinq 495 şadlıq sarayında, 158 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 2 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Bundan başqa, 203 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

Bildirilib ki, 5395 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.