Gülən Şəbəkəsi liseyləri yenidən ələ keçirdi – Araşdırma


“Elnur Aslanov dövləti necə taladı?”  sualına bu yazıda cavab tapacaqsınız

 

Dövlətlər o zaman yenilməz olurlar ki, hər an üçün bir planları, hər fəlakət üçün ssenariləri və bütün bunlara hazırlıqlı olmaları üçün də keçmişləri olur. Dövlət heç vaxt əzəli düşmən önündə tərəddüdə düşməz. Çünki düşmənini tanıyır. Dövlət tanımadığı, yeni təhlükə qarşısında çətinlik çəkər. Tanımır. Zəif nöqtələrini bilmir. Üzərinə getdiyi zaman nə qədər məhv etdiyindən xəbərsizdir.

Fətullah Gülən Şəbəkəsi Türkiyədə NATO-nun gizli orduları – Gladyo tərəfindən quruldu. Gülənin özü Ərzurumdaykən NATO dəstəkli anti-komunist dərnəyin üzvlərindən biri idi. O zaman tək düşmən SSRİ idi və “Yaşıl Gladyo” bunun üçün önə sürüldü… Siyasətə qarışmayan bir camaatın içində yetişdirilən və 70-ci illərdən etibarən ittifaq qurmadığı siyasi qrup qalmayan bir Şəbəkədən bəhs edirik.

Sadəcə, siyasi qruplarla deyil, CIA, MOSSAD, MI5, MI6, BDN və şəbəkə qurduqları əksər ölkələrin kəşfiyyat qurumları ilə “double ajan” adlanan sistemlə əməkdaşlıq edən və bütün bu əlaqələr Türkiyədə dövləti ələ keçirmək cəhdi kimi təsdiqlənən Gülən Şəbəkəsinin də Türkiyədə üç-beş əməliyyat, Azərbaycanda da Elnur Aslanovun Aparatdan sürgünü ilə bitirildiyini sanmaq sadəlöhvlük olardı.

Dini terrorizmlə maraqlananlar “yatmış hücrə” ifadəsi ilə rastlaşıblar. “Yatmış hücrə” bir terror təşkilatının bəzi bölgələrdə zamanı gəldiyində hücuma keçməsi üçün tək və ya qrup şəklində passiv olaraq, saxladığı, hər an hücuma keçəcək şəkildə hazır tutduğu yeraltı quruluşudur. Bəzən yatmış hücrə illərlə aktivləşdirilməz, zamanı gəlincəyə qədər. Ancaq onlardan heç vaxt vaz keçilməz və onların ayaqda qalması üçün hər bir təchizatla təmin olunurlar.

Gülən Şəbəkəsi həm Türkiyədə, həm də Azərbaycanda son yeddi-səkkiz ayda “yatmış hücrə evi” planını uyğulamaqdadır. Üzdə olanlar, yəni deşifrə olanlarla əlaqələr kəsilib, lakin Şəbəkənin ayaqda qalması üçün başqa yollardan istifadə edilir. Göz önündəki vitrin toz içində olsa da, arxa tərəfdən Camaatın gənclər imamı Elnur Aslanovun önəm verdiyi gənclərin dövlət içərisində irəliləməsi üçün çalışılır. Məsələn, ASAİF-in sədri Ramin Həkimovun yaxın dostu, AXCP sədri Əli Kərimlinin oğlu  Türkel Kərimli ilə İngiltərədə eyni universitetdə oxuyan Həsən Həsənli “görünməz əllər” ilə öncə Prezident yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq istəyən şanslı 167 nəfərdən biri seçilir. Daha sonra ASAİF-ə sədrliyi mümkün olmadıqda, Təhsil Nazirliyinin xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri təyin edilir. Yəni, quzu qurda ancaq bu şəkildə tapşırıla bilərdi ki, o da nədənsə xaricdə oxuyanlara daha çox üstünlük verən yeni təhsil naziri tərəfindən həyata keçirilir. Yəni, gənclər sektoru deyure Elnur Aslanovun əlindən alınsa da, defakto gənclər, xüsusilə də, xaricdə oxuyan gənclər (ki, dövlət dəstəyi ilə oxuyan bu gənclərin dövlət orqanlarında yüksəlmək şansı daha çoxdur) yenə Şəbəkənin ixtiyarındadır. İxtiyar demişkən, vaxtilə “dağ dağa söykənən partiyanı” dəstəkləyən Camaatın başqa bir imamını-İxtiyar Hüseynlini də unutmayaq.

Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov AMİP kökənli, qatı etibarçı olduğu kimi, İxtiyar Hüseynli də zamanında Müsavatı dəstəkləyib. Hətta o gün də, bu gün də çörəyini yediyi Ulu Öndər Heydər Əliyev haqqında rayonların birində işlətdiyi ifadələr Alqış Həsənoğlunun qulağına gəldiyinə görə, “Yeni Azərbaycan”dan qovulub.  Sonrası məlumdur. AMİP-çi Fərhad, Müsavatçı İxtiyar və üzdə hər iki partiyaya nifrət bəsləyən Elnurla yaxın çevrəsi birləşirlər. Bunları birləşdirən dəyər: The Camaat və ortaq maraqları…

Mövzudan uzaqlaşmayaq. Bu gün “Gülən Camaatı Azərbaycanda bitirildi” sözü sadəcə fətullahçıların işinə yarayır. Bunu “Wikileaks” sənədləri daha dərindən açıqlayır. “Çağ Öyrətim” MMC ilə bağlı gizli hesabatda qeyd olunur ki, fətullahçılar Azərbaycanda bəzi şəxslərə rüşvət verərək, öz mövcudiyyətlərini qoruyurlar. Onların mövcudiyyətlərini qoruyanlardan biri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov olmasın? Doğrudur, Xalik Məmmədov və oğlu, SOCAR-ın Türkiyə Nümayəndəliyinin rəhbəri Kənan Məmmədov Camaatın azərbaycanlı müridləri arasında mühim yer tuturlar. Lakin Rəsul Quliyevin kadrı olan Xalik Məmmədov daha çox vasitəçi missiyasını həyata keçirir. “Çağ Öyrətim”in şefi Ənvər Özərənin müşaviri Nazim Əkbərov kimi…

kollaj_manshetjpgSOCAR-ın dövlət içindəki mühim pozisiyasından fətullahçılar üçün istifadə edən Xalik Məmmədov bu gün faktiki olaraq, gülənistlərin etibar etdiyi adamların önündə gəlir. Azərbaycan dövlətini “minlərlə tələbənin dövlətə qarşı çıxmasının qarşını mən aldım” deyərək, üstüörtülü hədələyən “Çağ Öyrətim”in ikinci önəmli adamı olan Məsut Kurnazı qoruyan, onun Azərbaycanda qalaraq, adı dəyişsə də, mahiyyəti dəyişməyən Gülən məktəblərində yenidən söz sahibi olmasını təmin edən də Xalik Məmmədovdur. Yanlış oxumadınız. Bu şəxs Təhsil Nazirliyində bu məktəbləri qurduğu üçün “Hocaəfəndi”yə təşəkkür edən nazirin dönəmindən qalan dostları və hazırki nazirin təyin etdiyi bəzi “Camaat sevdalıları” ilə birləşərək, Prezidentin iradəsinə qarşı çıxıb. Azərbaycan Prezidenti hər cür dini ekstremizmə qarşı mübarizə aparmağın vacibliyini vurğulayıb, təhsil sahəsində də azərbaycançılıq nəzəriyyəsinə sadiq bir sistem tələb etdiyi halda, “pilot məktəblər” adı altında köhnə sistem davam edir. Bəzi liseylərin önündə isimlər dəyişsə də, bəzilərində adlar belə dəyişməyib.

Əslində bu gözlənilən idi. Camaat ilk dəfə rəsmi olaraq bir xanımın rəhbərliyi altında çalışır. Bu onlar üçün heç də ürək açan durum deyil. Çünki fətullahçılar heç vaxt bir qadının tabeliyində çalışmayıblar və bunu nə həzm etmələri, nə də digər ölkələrdəki müridlərə anlatmaq mümkün deyil. Bu səbəbdən də, məktəblərdə öz sistemlərini qorumaqda dirənərək, ətrafa “isim dəyişsə də, söz sahibi bizik” mesajını verirlər. Və təəsüfləndirici hal ondadır ki, Təhsil Nazirliyi bu durumu görməzdən gəlir və Gülən məktəblərinə ismini verən müəssisə demək olar ki, onların heç bir işinə qarışa bilmir. Faktiki olaraq, Gülən məktəbləri adını dəyişsə də, mahiyyətini dəyişməyib. Və bu ad həmin məktəblərin Azərbaycan təhsil sisteminə uyğun fəaliyyət göstərməsi üçün verilsə də, Məsut Kurnaz və Xalik Məmmədov faktiki olaraq, bundan qalxan olaraq istifadə edirlər. Hətta Nərimanov rayonunda yerləşən ilk türk özəl liseyinin önündə “Çağ Öyrətim” və “Təhsil Nazirliyi” ifadələrinin olması, eksperimental məktəb ifadəsinə rast gəlinməməsi Camaatın dirənişindən xəbər verir. Və bu dirəniş Azərbaycan hakimiyyəti içindəki çürük məmurlar tərəfindən dəstəkləndiyi üçün hazırda “yatmış hücrə” kimi görünsə də, camaat son dərəcə aktiv şəkildə  çalışmaqdadır.

Camaat üçün təhsil niyə bu qədər önəmlidir? Çünki Camaat bizneslə qazandıqlarını təhsil ilə qoruyurlar. Belə ki, Azərbaycanda son dərəcə imkanlı, zəngin ailələrin uşaqlarının oxuduğu həmin liseylər Məsut Kurnazlar, Arif Gömləksizlər, Ənvər Özərənlər, Ahmet Sanıclar üçün valideynlərə rıçaq atma mərkəzidir. TUSİAB və “İpək Yolu”na topladıqları iş adamları vasitəsi ilə əldə olunan sərmayədə o məktəblərdə oxuyanların valideynlərinin mühim rolu var. “Dostanə ziyarətlər”lə qurulan əlaqələrlə, bahalı hədiyyələrlə insanlarda minnət duyğusunu körüklədikdən sonra “kiçik” xahişlərlə milyonlar qazanan Camaat bu gün də SOCAR-ın çətiri altında öz fəaliyyətini istədiyi kimi davam etdirməkdədir.

kol34SOCAR-da qərbi azərbaycanlılar və naxçıvanlıların müxtəlif bəhanələrlə sıxışdırılmasının arxasında da bu güc dayanmaqdadır… Təmiz qanlı kadrların dövlət dairələrindən uzaqlaşdırılması proyektini Elnur Aslanov başlatmışdı və görünən odur ki, Xalik Məmmədov eyni ssenarini ARDNŞ tərkibində həyata keçirməkdədir…

Fətullahçı qardaşların əsas pul qaynağı nə “Mado”dur, nə də “MyBrand`s”… Fətullah Gülənin bu azərbaycanlı imamları dünən olduğu kimi bu gün də dövlətin büdcəsindən gələn pullarla Şəbəkəni ayaqda saxlayırlar. Doğrudur, əvvəlki rahatlıq indi yoxdur, ancaq Şəbəkəni 2015 və 2018-ci il seçkilərinə daşıyacaq güc yenə də öz əllərindədir.

Bu barədə az sonra. İndi isə Elnur Aslanovun aricdə təhsil biznesinə dair qısa bir arayış verək. “İrəli” dövlət hesabına milyonları effektsiz lahiyələr adı ilə xərclədiyi zaman belə bir təşkilat yaradılmışdı: “İrəli Xaricdə Təhsil Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti. Yəni, QHT xətti ilə gələn pullar azlıq etdiyindən Elnur Aslanov və yaxın çevrəsi belə bir karlı biznesə öz brendləri ilə qoşulmuşdular. Hətta 2011-ci ildə yaranan təşkilat elə həmin ildə tenderin qalibi olmuşdu. Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanununda bu qadağan olunur. Baxmayaraq ki, qanunvericiliyə əsasən qurum yarandığı vaxtdan ən azı 3 il sonra tender uda bilər. Çünki tender elan olunarkən qurumun yaranma tarixi də nəzərə alınır. Təşkilatın arxasında Camaat dayandıqdan sonra bu məqam gözdən “qaçır”. Xaricdə təhsil almaq istəyən gəncin universitetə imtahan vermədən, sadəcə “İrəli” ilə əlaqəyə girərək, bu şirkətin kassasına pul ödəməsi ilə arzusu gerçəkləşirdi. Yəni, adıçəkilən qurum həmin universitetlərlə bağlantı yaradır və işi yoluna qoyur. Beləliklə minlərlə insanın qanunsuz təhsil alması bu qurum tərəfindən həyata keçirilir. Camaatın fərasətli imamları bu işi kənar adama deyil, “İrəli” İB-nin əsas adamlarından Orxan Əliyevin yaxını (bəziləri qardaşı olduğunu deyirlər) Əliyev Əliaslan Mair oğluna tapşırmışdılar. 8 iyul 2011-ci ildə qeydiyyata alınan şirkətin qeydiyyat nömrəsi (VÖEN): 1801421271-dir.

Hazırda da bu biznes yüksək səviyyədə davam etdirilməkdədir. Lakin başqa adlarla. Hazırda ASAİF-in keçmiş sədri Ramin Hakimova Elnur Aslanov tərəfindən bu işlə məşğul olmaq tapşırılıb. Və xüsusilə Avropa ölkələrində təhsil almaq istəyənlərə “yaşıl işıq” bu xətt üzrə yandırılır. Nəzərə alsaq ki, Təhsil Nazirliyində bu işlə məşğul olan şöbənin başında Elnur Aslanovun digər kadrı Həsən Həsənli oturur, o zaman işlərin necə yürüdüyünü təxmin etmək çətin deyil.

Gülənin azərbaycanlı imamlarının ikinci böyük biznesi QHT sahəsindədir. Üzdə olan fətullahçıların QHT-ləri son dövrlərdə passiv olsa da, ən az ondan çox QHT vasitəsi ilə yenə də dövlətin fondlarından lahiyələr alırlar. BAKU2015 lahiyəsində olduğu kimi bu lahiyələrdə də çalışanlar sadəcə özləri üçün deyil, şəbəkə üçün çalışırlar. Yenə gələn maliyyə Camaatının dörd imamının nəzarət etdiyi büdcəyə gəlir və onların kontrolunda paylanılır.

Keçən yazılarımızda Gülənin Azərbaycanda xüsusilə QHT və dövlət sektorundakı adamlarından bəhs edərkən, bir sıra şəxslərin adlarını çəkmişdik. Qeyd etmişdik ki, Milli Şuranın sədri Şahin Seyidzadə, Vətəndaş Cəmiyyətində Debat İB-nin sədri Seymur Hüseynov, Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov, Litva Azərbaycanlı  Gənclər  Təşkilatının sədri Samir Musayev,Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov,  “Azərbaycan” qəzetinin parlament və siyasət şöbəsinin redaktoru İxtiyar Hüseynli, Gənclər və İdman Nazirliyinin Gənclər  Təşkilatları ilə İş Sektorunun müdiri Fuad Babayev, “New Baku Post-Azərbaycan” ictimai-siyasi qəzetinin təsisçisi Tural Əliyev, ASAİF –in keçmiş baş katibi Vüsal Qurbanov, İrəli İB-nin  NTK- sədri Xəqani Fərəcov, Xəzər Dənizi Gənc mühəndislər İB-nin rəhbəri Rüfət Əzizov, İDEA İB-dən Raul Gülməmmədov, ASAİF-dən Nəcibə Mustafayeva və digərləri Şəbəkənin ativ üzvləridir.

Bu siyahıdakıların əksəriyyəti yenə öz yerlərindədir və hətta bəziləri özlərinə daha yaxşı iş yerləri belə tapıblar. Məsələn, Vüsal Qurbanov kimi dövlət üçün mühüm əhəmiyyəti olan qurumlarında özünə yer edərək, həmin qurumun rəhbərinin adı ilə Elnur Aslanovun əleyhinə danışanları hədələyirlər. Çünki o da, Tünzalə Ağayevanın oxuduğu mahnıdakı kimi düşünür ki, Elnur Aslanov və komandası üçün “hər şey yaxşı olacaq” və özünün şiə əqidəsində olmasını qabardaraq, fətullahçı olmadığını iddia edir. Unutmayaq ki, fətullahçılıq hansısa dini cərəyan deyil, bu CIA-nın qurduğu və ABŞ-a xidmət edən casus şəbəkəsidir.

Özünü gələcək prezident olaraq görən Elnur Aslanovun başqa bir biznesinin zamanında sökülən evlər olduğu vurğulanır. Belə ki, hazırda risk etməsə də, ötən illərdə sökülən evlərdən Aslanov milyonlarla manat əldə edib. Hazırki Qış Parkı ərazisində anası Rəbiyyət Aslanovaya məxsus 45-50 kv.m-lik köhnə evi dövlətə olduqca böyük məbləğə satıb. Bunun üçün edilən fırıldaq da “təqdirolunasıdır”. Plana düşəcəyi bəlli olan ev 5 ay öncə təmir olunaraq, 4 mərtəbə halına gətirilir və sənədləşdirilir. Yəni, buldozerlər küçənin bu başında evləri sökməyə başlayanda, Rəbiyət xanımın köhnə evi ucalmağa başlayır. İnzibati rıçaqlardan istifadə edərək, bir dövlət qurumunun tikinti idarəsinə tələm-tələsik tikdirilən o evlə yanaşı ondan aralıda bir ev də alınaraq, ucaldılır. Həmin ərazidə işləyənlərin sözlərinə görə, evlərin tələsik başa çatması üçün gecə-gündüz çalışılıb və evin keyfiyyətinə kimsə diqqət etməyib. Çünki onsuz da uçurulacağını hər kəs bilib. Bu fakt özü-özlüyündə səlahiyyətlərindən istifadə edərək, dövləti soymaqdır. Biz hansı tikinti idarəsinin və bu işdə hansı sabiq məmurun rolunun olduğunu da bilirik. Lakin məqsədimiz bu ikili arasında əlaqə deyil, dünya malına hərisliyin və dövləti soyduqlarını göstərməkdir. Elə bu səbəbdən də, İlham Rəhimovun iki ay evil qaldığı Rəbiyət Aslanovaya İstanbulda 12 milyon avroya villa alması xəbəri dövlətdən mənimsənilən pulların yuyulması kimi də dəyərləndirilir.

Sonda təkrarlamalıyıq ki, kim Fətullahçı şəbəkənin susdurulduğunu və dağıdıldığını düşünürsə, yanılır. The Camaat əvvəlki işlərini davam etdirir. Liseylər yenə əvvəl olduğu kimi Məsut Kurnazın kontrolunda, QHT və gənclər yenə Elnur Aslanovda. Biznes işləri də Xalik Məmmədovun və oğlu, Türkiyədəki Azərbaycanlı İş Adamları Dərnəyinin (TAİAD) rəhbəri olan Kənan Məmmədovun sayəsində SOCAR-ın himayəsi ilə iri addımlarla addımlamaqdadır. Parlamentdəki “Gülən məktəblərinin memarına salam deyən” deputatları da unutmamalıyıq. Bu gün Gülən Azərbaycan parlamentində bütün növ müxaliflərin mandatından iki dəfə artıq mandata sahibdir. Nə yazıq ki, Azərbaycan Prezidenti qətiyyətlə bu kimi dini-casus şəbəkələrinin Azərbaycandan təmizlənməsini istəsə də, bir çox məmurlar eyni həssasiyyəti sərgiləyə bilmirlər. Bu səbəbdən də dini ekstremist şəbəkələr ölkədə at oynatmaqda davam edirlər. Yarı gizli, yarı açıq…

 Aqil ƏLƏSGƏR