“Bu il kənd təsərrüfatı sahəsində ciddi problemlər olacaq” – Ekspert

Taxil+ZemisiVahid Məhərrəmov: “Bu il taxıl istehsalında ciddi problemlər olacaq”

 “2015-ci ildə Azərbaycanda kənd təsərrüfatı sahəsi daha dözülməz hala düşəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında aqrar sahə üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib: “Bir müddət əvvəl kənd təsərrüfatı nazirinin, xüsusən hazırda baş nazirin birinci müavinlərindən olan İsmət Abbasovun dövründə bu sektorda xeyli geriləmələr oldu. Amma bu problemlər ötrbasdır edildi, bununla bağlı hökumətə informasiya verilmədi. Nəticədə mövcud olan problemlər getdikcə dərinləşdi. 2007-ci ildən başlayaraq əkin sahələrinə görə fermerlərə subsidiyaların verilməsinə başlanıldı. Lakin bu zaman da bir sıra qanun pozuntularına yol verildi. Bu da öz növbəsində fermerləri ruhdan saldı. Fermerlərin texnika, gübrə, anbarla təminatında, onların maarifləndirilməsi istiqamətində bir sıra işlər görülməli idi. Lakin bu işlər görülmədi. Nəticədə bu sahə üzrə bacarıqlı mütəxəssislər həmin sahədən yayındılar. Artıq mal-qara üçün yem də tükənib. Hətta bəzi bölgələrdə, İsmayıllıda, İvanovka kəndində mal yemi üçün yalnız fervalın ortalarına qədər küləş qalıb. Bu o deməkdir ki, vəziyyət həmin sahədə gərgindir. Küləşlə heyvanları saxlamaq o deməkdir ki, onların bir hissəsi məhv olacaq, bir hissəsi xəstəliyə düçar olacaq. Belə olan halda sahibkar və kəndli digər sahəyə üz tutacaq, ya da müflis olacaqlar. Təəssüf edirəm ki, 2015-ci ilin ilk aylarının proqnozu bundan ibarətdir. Bu il taxıl istehsalında da ciddi problemlərin olacağı gözlənilir. Bu sahədə çalışan fermerlər guya taxıl istehsalı ilə məşğuldur, əslində isə imitasiya ilə məşğuldurlar. 2014-cü ildə taxıl istehsalında ciddi geriləmələr olduğunu gördük. Bunu quraqlıq ilə əlaqələndirsələr də, uzun müddətdir deyirik ki, hava yaxşı, torpaq münbit olsa belə, uğurlu nəticə əldə edə bilməyəcəyik. Ona görə ki, orada tamamilə ciddi problemlər var. Bu problemlərin həlli istiqamətində hələlik bir iş görülmür. Ona görə bu ildə taxılçılıqda məhsuldarlığın aşağı düşəcəyini gözləyirik. Bitkiçilikdə də ciddi problemlər hökm sürür. Toxumçuluğun inkişafına vəsait ayrılsa da, bu sahə də bərbad hala salındı. Ölkəyə gətirilən mineral gübrələr balanslı şəkildə həyata keçirilmədi. Azot gübrəsinin gətirilməsi, digər gübrələrin əldə olunmaması isə bitkiçiliyi zəiflətməklə bərabər, həm də torpağın deqradasiyasına səbəb oldu. Həmin problemlər də uzun müddət bu sahəyə məsul olan İsmət Abbasovun dövründə edilmiş səhvlərin nəticəsidir. Texnika təminatında da problemlər qalır. Texnika alınmasına ciddi vəsait ayrılsa da, bu vasitələr əsasən Çindən gətirilən keyfiyyətsiz texnikadan ibarət oldu. Ümumilikdə kənd təsərrüfatında kifayət qədər ciddi problemlər  var ki, onun da əsası bir neçə il əvvəldən qoyulub.  Yeni nazir isə bu istiqamətdə bir sıra addımlar atır. Amma hər şeyi zaman göstərəcək. Bütün bunlarla yanaşı deməliyəm ki, 2015-ci ildə ölkəninn kənd təsərrüfatında vəziyyət əvvəlki illərdən də dözülməz olacaq”.

Rüfət