Zaman-zaman yazılarımıza normal cavab verməkdən aciz olanların müxtəlif vasitələrdən istifadə edərək, şəxsim və rəhbərlik etdiyim qəzet haqqında müxtəlif dedi-qodularla yaymalarının şahidi olmuşuq. Bütün bunlar bizi yolumuzdan döndərə bilməz, lakin olduqca dəqiq mənbədən aldığımız bir xəbər bu açıqlamanın zərurətini artırdı.
Aldığım bilgilər göstərir ki, bizim yazılarımıza adekvat olaraq, bir neçə plan üzərində işlənilir. Bunlardan biri də müxtəlif maillərə və saytlara Fətullah Gülən Şəbəkəsi ilə yaxından-uzaqdan əlaqəsi olmayan tanınmış insanlar haqqında məlumatlar göndərilərək, bu şəxslər Camaatın adamı kimi göstəriləcək. “Fısıltı agentliyi” olaraq da, həmin insanlara bu işin arxasında da mənim dayandığım bildiriləcək və Şəbəkə aprel ayında digər nurçu camaatlar üzərindən Azərbaycanda Ərdoğan iqtidarına qarşı oynadığı oyunu bu dəfə bizə qarşı təkrarlayacaq. Və artıq bunun ilkin addımlarını müşahidə etməkdəyik.
Aqil Ələsgər olaraq bəyan edirəm ki, mən yazılarımı sadəcə YENİCAG.AZ-da yazıram. Digər saytların bizim yazıları istinadlı və ya istinadsız verməsinə etiraz etmirik. Lakin digər saytlarda yayımlanan məqalələrdə hər hansısa dəyişiklik varsa, Aqil Ələsgər və YENİCAG.AZ olaraq, biz bunun məsuliyyətini daşımırıq. O səbəbdən də oxucularımızdan xahiş edirik ki, bizə istinadən hər hansısa bir xəbərlə qarşılaşarlarsa, YENİCAG.AZ-a daxil olaraq, o xəbəri axtarsınlar. Eyni zamanda təkrarən vurğulayıram ki, biz heç vaxt əmin olmadığımız məlumatı dərc etmədik və heç vaxt mənşəyi bəlli olmayan (içərisindəkilər həqiqət olsa da, olmasa da) məktublara-maillərə etibar etmədik. Bu səbəbdən də, YENİCAG.AZ-dan kənarda yayımlanan heç bir yazı ilə də yaxından-uzaqdan əlaqəmiz yoxdur.
Bizim tək məqsədimiz var: Təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Müstəqil Azərbaycanın hər cür təhlükələrdən qorunmasına jurnalist və vətəndaş olaraq yardım etmək. Və bizim hədəfimiz fərdlər deyil, bu ölkəyə yad və zərərli olan ideologiyalardır. Ayrı-ayrı fərdlərlə də nə şəxsi ədavətimiz var, nədə ki, heç kimə bizim adımızdan vəkillik etməyə icazə verməmişik. Bu səbəbdən də oxucularımızdan xahişimiz budur ki, hansısa başqa saytlarda gedən materialların və ya mailinizə gələn məlumatların bizə aid olduğuna dair məlumat alsanız, bizə məlumat verin və eyni zamanda həmin məlumatın bizim saytda dərc olunub-olunmadığını özünüz də yoxlayın. Sonda təkrarən bildirirəm ki, YENİCAG.AZ-da dərc olunmayan heç bir yazı ilə əlaqəmiz yoxdur!
Biz bu yolda çox təxribatla üzləşdik və Allahın izniylə hamısından üzüağ çıxdıq…
İnşallah bu da keçər…
Aqil ƏLƏSGƏR