“Tezliklə Bakıda da 5G şəbəkəsi tətbiq olunacaq”.
Yenicag.az xəbər verir ki, bu barədə “Huawei” şirkətinin Avrasiya regionu üzrə vitse-prezidenti Sai Vu bu gün Heydər Əliyev Mərkəzində keçirilən “Eurasia Innovation Day”də deyib. S.Vu qeyd edib ki, rəhbərlik etdiyi şirkət Azərbaycanda 17 ildir fəaliyyət göstərir:
“Bu gün Bakıda keçirilən üçüncü “Eurasia Innovation Day” tədbiri “Huawei” ilə Azərbaycanın əməkdaşlığına mühüm töhfədir. Burada 200-dən çox iştirakçı var. “Eurasia Innovation Day” İKT sahəsi ilə bağlı vacib müzakirələrin aparılması üçün mühüm platformadır: “Huawei” şirkəti artıq 17 ildir Azərbaycanda fəaliyyət göstərir. Əsasən tədqiqat işlərinə investisiya yatırmağı hədəfləyən “Huawei” açıq innovasiyalar kursuna riayət edir.
“Huawei” şirkəti 5G texnologiyaları sahəsinin texnoloji inkişafında lider olaraq qalır. Bu sahədə yeganə təhcizatçı olaraq “Huawei” şirkəti tərəfindən 60-dan çox kommersiya müqaviləsi imzalanıb və 400 mindən çox modul tipli qurğular istehsal edilib.
2019-cu ildə “Huawei” dünyanın 500 ən iri şirkəti arasında 61-ci yerdə qərarlaşıb. 32 il ərzində balaca şirkətdən böyük korporasiyaya çevrilmək üçün çoxsaylı səylər nəticəsində “Huawei” bu nailiyyəti əldə edib. Ancaq müvəffəqiyyətin açarı uzun müddət tədqiqat və inkişafa yatırılan sərmayə qoyuluşu oldu. “Huawei” texnoloji innovasiyalara və elmi araşdırmalara böyük önəm verir”.
Vitse-prezident qeyd edib ki, “Huawei” şirkəti mütəmadi olaraq hər il əlaçı tələbələrin Çində rəsmi ofisdə təcrübə keçməsinə şərait yaradır: “Bu layihələrdən biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Huawei” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Gələcəyin İKT sahəsindəki toxumları” adlı proqram layihəsidir. Gələcəkdə də bu cür layihələrin davamı olacaq”./Report/