6 direktora töhmət verildi – SƏBƏB

26 may-9 iyun tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin koordinatorluğu ilə Bakı, Abşeron, Sumqayıt, Gəncə və Şəki ərazisində yerləşən 137 məktəbdə monitorinq aparılıb.

Yenicag.az xəbər verir ki, Monitorinq Təhsil Nazirliyinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində monitorinqin aparılması barədə” əmrinin tələblərinə uyğun olaraq həyata keçirilib.

Monitorinq nəticəsində yoxlama aparılmış 68 dövlət məktəbində müxtəlif sayda qayda pozuntuları aşkar edilib. Qayda pozuntuları aşkar edilmiş ümumi təhsil müəssisələrinin rəhbərləri ilə bağlı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdıqlarına görə müvafiq qaydada intizam tədbirləri görülüb. Belə ki, 1 məktəb rəhbərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 5-nə töhmət verilib, 62-nə isə xəbərdarlıq edilib.

Qeyd edək ki, monitorinqlərin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın qüvvədə olduğu müddət ərzində ölkəmizin müxtəlif regionlarında yerləşən və təsadüfi seçim əsasında müəyyən edilmiş digər məktəblərdə də həyata keçirilməsi nəzərdə tutulur.