Ötən gecə Lökbatan qəsəbəsi ərazisində yerləşən “Zeytə park” restoranında 6 nəfəri güllələyən Məhərrəm Əliyevin atasının kimliyi məlum olub.
Məlumata görə, 6 nəfəri mübahisə zəminində gülələyən Məhərrəm Əliyevin atası 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fəxrəddin Əliyevdir.
Vergilər naziri Fazil Məmmədovun kadrı sayılan və Binəqədi icra başçısı Xaləddin İsgəndərovun yaxın adamı kimi qələmə verilən Fəxrəddin Əliyevin uzun müddətdən bəri vergi sistemində çalışdığı deyilir. (pia)
***
Bakıda restoranda silahlı insident törədən şəxsin vəzifəli şəxsin övladı olduğu məlum olub. APA-nın əldə etdiyi məlumata görə, hadisəni törədən Məhərrəm Əliyev Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fəxrəddin Əliyevin oğludur. F. Əliyev bu gün tutduğu vəzifədən azad edilib. Onun yerinə artıq təyinat da olub.
Belə ki, Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində çalışmış Pərvin Əhmədov 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi təyin edilib.
F. Əliyev APA-ya açıqlamasında oğlu Məhərrəm Əliyevin psixoloji problemlərinin olduğunu deyib: “Hadisə ilə bağlı hazırda Bakı şəhərindəyəm. Hadisənin təfərrüatları barədə heç nə deyə bilmərəm. Hüquq-mühafizə orqanları məsələni araşdırır. Oğlum Bakıda bizneslə məşğul olurdu. Onun psixoloji problemləri var”.
Qeyd edək ki, məlum hadisə dekabrın 21-də saat 23.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Zeytə” restoranında qeydə alınıb. Bakı şəhər sakini Məhərrəm Əliyev və Samir adlı şəxs qəsəbə sakinləri Ədalət Həsənov, oğlu Orxan, Mehrab Əliyev, Cəmil Həmidov, Nazim Kərimov və Rafiq Kərimovla mübahisə etdikdən sonra M.Əliyev “Vinçestr” markalı tüfəngdən atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarəti yetirib hadisə yerini tərk ediblər.
Xəsarət alanlar Lökbatan qəsəbəsindəki “Zeytə” restoranında ad günü məclisində olublar.
Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.1 (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. Hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır. Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Həyata keçirilən tədbirlər nəticəsində hadisənin əsas iştirakçısı Məhərrəm Əliyev tutulub. Hazırda polis hadisənin digər iştirakçısının tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.