6 vəzifəlinin işi məhkəməyə göndərildi

Göyçayda qum-çınqıl karxanaları ilə bağlı cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluqdan Yenicag.az-a verilən məlumata görə, ölkəmizdə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülməkdədir.

Xəbər verildiyi kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublikanın ayrı-ayrı rayonlarında yerləşən qum-çınqıl yataqlarında karxanaların fəaliyyətinin monitorinqi nəticəsində bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən yerin təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydalar və lisenziyalaşdırma şərtlərinin kobud surətdə pozulması, bunun nəticəsində ətraf mühitə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükənin yaranması, çay məcralarının kəskin eroziyaya məruz qalması müəyyən edilib.

“Göyçay qum-çınqıl” yatağında fiziki və hüquqi şəxslərə məxsus karxanaların fəaliyyətində aşkarlanmış qanun pozuntuları ilə bağlı toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrlə başlanmış cinayət işlərinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

Həmin cinayət işlərindən daha 1-i ayrıca icraata götürülərək istintaqı tamamlanmışdır.

Qeyd edilən iş üzrə aparılmış istintaq zamanı ayrı-ayrı fiziki və hüquqi şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə müvafiq icra hakimiyyəti orqanından lisenziya almalı olduğu halda, buna əməl olunmaması, dağ-mədən obyektlərinin istismarı zamanı ətraf mühitin qorunması qaydalarına riayət edilməməsi, eləcə də lisenziyalaşma şərtlərini pozmaqla qanunsuz sahibkarlıq fəaliyyətlərini davam etdirmələrinə əsaslı şübhələr müəyyən edildiyindən “ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov, “Elnicat” MMC-nin direktoru Bəhruz Sadayev, fiziki şəxslər Natiq Zakirov və Nazim Qasımov, “Azpod” MMC-nin qum-çınqıl istismarı sahəsinin rəisi Nəcməddin Əliyevə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarları ilə həbs, “Azəraqrartikinti” ASC-nin Göyçay qum-çınqıl filialının istehsalat rəisi Allahverdi Allahverdiyevin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Qeyd olunan cinayət işləri üzrə qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində təbiətə və dövlətə 5,5 milyon manat məbləğində maddi ziyan vurulması, habelə 44 min manat məbləğində vergidən yayınma halları müəyyən edilib və istintaq zamanı dəymiş ziyanın bir qisminin ödətdirilməsi təmin edilib. Qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə fiziki və hüquqi şəxslərə məxsus əmlak üzərinə həbs qoyulmaqla cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Hazırda respublikanın digər bölgələrində bu sahədə yol verilmiş qanun pozuntuları ilə bağlı istintaqı aparılan digər cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Xatırladaq ki, 2018-ci il iyunun 2-də Göyçay rayonu ərazisində baş vermiş güclü leysan zamanı Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində Göyçay çayı üzərində yerləşən körpü qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işləri səbəbindən uçaraq yararsız vəziyyətə düşüb, nəticədə dövlətə 3 milyon manatdan artıq ziyan dəyib.

Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ayrı-ayrı şəhər və rayonlarda fəaliyyət göstərən 250-yə yaxın qum-çınqıl karxanasından 81-də monitorinq aparılıb. Müəyyən edilib ki, son dövrlər bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən yer təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş standartlar, normativlər, qaydalar və lisenziyalaşdırma şərtləri kobud surətdə pozulduğundan ətraf mühitə, infrastruktur obyektlərə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükə yaranıb, çay məcraları kəskin eroziyaya məruz qalıb.

Aşkarlanmış qanunsuzluqlarla bağlı toplanılmış materiallar əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanılıb, eləcə də hüquq-mühafizə orqanlarının təcrübəli əməkdaşlarından və aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət istintaq-əməliyyat qrupları yaradılaraq təxirəsalınmaz tədbirlər həyata keçirilib.

İstintaq araşdırmaları göstərib ki, karxanalardan 14-ü lisenziya və digər müvafiq sənədlər olmadan qanunsuz şəkildə qum-çınqıl istehsalı ilə məşğul olub, daha 41 karxana yataqların istismarının dayandırılması barədə Nazirlər Kabinetinin qərarına zidd olaraq fəaliyyətini davam etdirib və nəticədə dövlətə 16 milyon manatdan çox ziyan vurulub.

Konkret olaraq “Göyçay” qum-çınqıl yatağında istismar işləri aparan karxanalar ətraf mühitə 4 milyon manatdan çox, Mingəçevir şəhərində və Yevlax rayonunda yerləşən 16 karxana 700 min manatdan artıq, Şamaxı, İmişli, Şəmkir, Qazax, Quba, Qusar, Tərtər və Bərdə rayonları ərazisində yerləşən 56 karxana isə 8 milyon manatdan çox ziyan vurub.

COP29