6 yaşında qaçqın idi, indi isə dünya ulduzu – Luka Modriçin hekayəsi

Ötən gecə dünya çempionatının yarımfinalında İngiltərə millisini 2:1 hesabı ilə məğlub edən Xorvatiya yığması şanlı tarix yazdı.

Sözsüz ki, tarixi zəfərdə kapitan Luka Modriçin əməyi danılmazdır.

Yenicag.az xəbər verir ki, 2012-ci ildə 33 milyon avro qarşılığında “Tottenhem”dən “Real”a transfer olunan 32 yaşlı ulduz futbolçunun maraqlı həyat hekayəsi var.

Luka 1985-ci ildə o vaxt Yuqoslaviya adlanan ölkənin Zadar şəhərində anadan olub. Bosniya müharibəsində serb üsyançılar tərəfindən babası öldürülən Modriç 6 yaşında köçkün həyatı yaşayıb. Bomba səsləri altında yaşayan Lukanın anası Radojka Modriç yüngül sənayədə, atası Stipe Modriç isə hərbi maşınların təmirçisi kimi çalışıb.

Evlərinin uçması nəticəsində yaşadıqları yeri tərk etmək məcburiyyətində qalan ailə müharibənin sonuna qədər Zadarda yerləşən oteldə məskunlaşıb.

Modriç ailəsinin qaldığı “Kolovare Otel”in rəsmilərindən biri həmin anı belə xatırlayır: “Atılan bombalardan sonra otelin bütün pəncərələri qırılmışdı. Ancaq Luka həmin vaxt heç nəyə fikir vermədən otelin bir yerində futbol oynayırdı”.

Luka uşaq ikən gücsüz, cılız və utanqac olub. Yetirməsi olduğu “NK Zadar”ın prezidenti Josip Bajlo futbolçu haqqında: “Yaşına görə çox balaca görünürdü. Cılız olsa da, onun içində özəl bir şeylər var idi. Bunu görmək elə də çətin deyildi”.

Luka Modriç 10 yaşında ikən Mario Qrquroviçlə birlikdə Split “Hayduk”u tərəfindən yoxlanışa dəvət alıb. Lakin onun balaca və gücsüz olması, klubun seçimini Qrquroviçdən yana etməsi ilə nəticələnib.

Qrquroviçin xatirəsi: “Modriçlə “Zadar”ın aşağı yaş qrupunda tanış olduq. “Hayduk”a bərabər getmişdik. Xorvatiyanın aşağı yaş qruplarında da birlikdə idik. O vaxt böyük bir istedad kimi dəyərləndirilirdim. Amma bu futboldu. Luka qədər böyük istedada və kariyeraya sahib ola bilmədim”.

“Hayduk”da bəyənilməyən Modriçin karyerasında ən önəmli məqam Zaqreb “Dinamo”sunun U-17 komandasına cəlb edilməsi olub. Qısa müddətdə “İnter Zapresiç”də icarə əsasında çıxış edən Modriç qazandığı təcrübədən sonra Zaqrebə geri qayıdıb.

“İnter Zapresiç”in sabiq baş məşqçisi Sreçko Boqdan: “Vedran Corluka ve Hryoye Cale ilə birlikdə komandaya gəlmişdilər. Luka meydanda nə etməli olduğunu və necə qol vurmağı çox yaxşı bilirdi. Onunla çalışmaq adama zövq verirdi. Bu gün çalışdığım uşaqlara nələrisə öyrətmək çox çətindi. Bu gün uşaqlar küçələrdə futbol oynamırlar”.

“Dinamo”nun heyətində artıcıl 3 dəfə ölkə çempionluğunu qazanan Modriç 2007-ci ildə ilin futbolçusu seçilib və 2008-ci ildə də 21 milyon avro qarşılığında İngiltərənin “Tottenhem” klubuna transfer olunub.

Madrid “Real”ında saysız-hesabsız uğurlara imza atan Modriçin İngiltərə ilə iyundan sonra göz yaşlarını tuta bilməməsinin səbəbi də başadüşülən idi. Dünya futbol tarixinin ən yaradıcı yarımmüdafiəçilərindən olan ulduz oyunçu bir daha milli ilə bu uğura imza ata bilməyəcəyinin fərqində idi.

Emin Səfərov

COP29