6 yaşlı uşaqların 1-ci sinfə qəbulu ilə bağlı YENİ QAYDALAR

Artıq bu ildən hansı ayda anadan olmasından asılı olmayaraq, təqvim ili ərzində 6 yaşı tamam olan uşaqlar ümumtəhsil müəssisələrinin 1-ci sinfinə heç bir müsabiqə tələb olunmadan qəbul oluna biləcəklər.

Yenicag.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyinin təşəbbüsü ilə hazırlanan təkliflər əsasında “Təhsil haqqında” qanuna çox əhəmiyyətli dəyişikliklər edilib: “Bu dəyişikliklər təhsilin bütün pillə və səviyyələrini əhatə edib. Dəyişikliklərdəki müddəalardan biri hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların 1-ci sinfə qəbul edilməsi ilə bağlıdır. Bu, o demək deyil ki, bu yaşda olan uşaqların hamısı kütləvi şəkildə 1-ci sinfə qəbul olunacaqlar. Yalnız valideyn istədikdə bu, baş verəcək”.

F.Qədirov deyib ki, indiyədək 6 yaşı təqvim ilinin sentyabr ayının 15-dək tamam olmayan uşaqların I sinfə qəbulu zamanı müəyyən proseslərin həyata keçirilməsinə tələbat duyulurdusa, bu ildən isə 6 yaşı təqvim ili ərzində tamam olan uşaqların 1-ci sinfə qəbulu valideynin ərizəsi və istəyi əsasında aparılacaq. Onun sözlərinə görə, 6 yaşı tamam olan uşaqların 1-ci sinfə qəbulu ilə bağlı yeni qaydalar artıq bu ildən tətbiq edilir.

F.Qədirov əlavə edib ki, “Təhsil haqqında” qanunun yeni variantına görə, beynəlxalq fənn olimpiadalarının, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar: “Dünya fənn olimpiadalarının qaliblərini çox zaman xarici ölkələrin ali məktəbləri şərtsiz qəbul edirdilər. Bu dəyişikliklə dünya fənn olimpiada qalibləri Azərbaycanın ali məktəblərində ali təhsil ala biləcəklər”.

COP29